Məktəbli formalarının qiymətlərində dəyişiklik edilməyib Hadisə

Məktəbli formalarının qiymətlərində dəyişiklik edilməyib

Bakı Tikiş Evi (BTE) yeni tədris ilində şagirdləri məktəbli formaları ilə təmin etmək üçün tam hazırdır. Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib. I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır.
Bunu AZƏRTAC-a müsahibəsində BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Bildirilib ki, 2010-cu ildən tətbiq olunan məktəbli formaları ümumilikdə dörd modeldə tikilir.
Məktəbli dəstlərinin keyfiyyətindən və orijinallığından söz açan Etibar Əzimov qeyd edib ki, məktəbli formalarının gigiyenik və uyğunluq sertifikatı var və bu geyimlər uşaqların sağlamlığına heç bir əks təsir göstərmir. Məktəbli forması alanda onun düyməsində, astarında və qolunda BTE-nin loqosuna diqqət yetirmək lazımdır.
Qeyd edilib ki, Bakı şəhəri üzrə BTE-nin on satış mərkəzi həftənin yeddi günü fasiləsiz fəaliyyət göstərir. Məktəbli geyimlərini və onun aksesuarlarını dəst və fərdi qaydada almaq olar. Eyni zamanda, ilboyu BTE-nin bütün satış mərkəzlərində məktəbli forması və aksesuarları satılır. Satış mərkəzlərindən alınan mallara bir il zəmanət verilir.
Etibar Əzimov bildirib ki, BTE-nin "Qaynar xətt"i də fəaliyyət göstərir. Maraqlananlar (012) 597-45-39 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.