Zaqatalada güclü zəlzələ Hadisə

Zaqatalada güclü zəlzələ

Qurban Yetirmişli: "Növbəti güclü və dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur"

İyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə güclü zəlzələ baş verib. 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.
Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov deyib ki, rayonda zəlzələ nəticəsində dağıntı və təlafat barədə hələlik məlumat daxil olmayıb: "Biz hamımız iş başındayıq və hazırda Zaqatala şəhərinin, ətraf kəndlərin ərazilərinə baş çəkirik". .
E. Ramazovun bildirdiyinə görə, indiyə qədər rayonun Göyəm kəndində bir evin divarının uçduğu qeydə alınıb: "Bəzi binalarda isə ötən zəlzələ zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə məlumat daxil olmayıb".
APA-nın yerli bürosunun əməkdaşının bildirdiyinə görə, bölgədə zəlzələ baş verəndən sonra əhali bir müddət küçədə qalıb. Qısa müddətlik mobil rabitə problemi olsa da, hazırda bu problem aradan qalxıb. Rayona qaz, işıq, su verilişində heç bir fasilə yaranmayıb.
Zaqatala rayon Mərkəzə Xəstəxanasindan bildirilib ki, xəstəxanaya zəlzələ nəticəsində xəsarət alan şəxs müraciət etməyib: "Yalnız 5 nəfər stress keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb".
Qax rayon İcra Hakimiyyətindən də bildirilib ki, rayonda zəlzələ nəticəsində dağıntı və təlafat olması barədə məlumat daxil olmayıb: "Yalnız episentrə yaxınlıqda yerləşən Güllük kəndində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məlumat var".
Qax rayon Mərkəzi Xəstəxanasında da zəlzələ nəticəsində xəsarət almaqla bağlı müraciət edən olmayıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə deyib ki, yeraltı təkanlardan sonra Zaqatala rayonunda zəlzələ baş verən ərazidə 10-dan çox after-şoklar olub. Ən zəif təkanların sayı isə daha çoxdur və hardasa 100-ü keçib.
Onun sözlərinə görə, hazırda ərazidə proses, gərginlik boşalması gedir. Bu proseslərin hələ bir qədər də davam edə biləcəyini deyən Q.Yetirmişli vurğulayıb ki, burada qorxulu nəsə yoxdur: "Güclü zəlzələdən sonra orada vəziyyət fon səviyyəsinə düşənə qədər gərginlik boşalması getməlidir. Hazırda hərəkət var, proses davam edir. Amma qorxulu heç nə yoxdur. Güclü, dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur".
Zəlzələnin baş vermə səbəbinə gəlincə, RSXM-in baş direktoru qeyd edib ki, yeraltı təkan Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının təsirindən baş verib: "Ocaqda gedən prosesdə sağtərəfli yerdəyişmə və qırılıb düşmə tipli hərəkətlər gedib. Bu, 10 km dərinlikdə gedən prosesdir. Gərginlik vəziyyətində cənubi-qərb və şimali-şərq istiqamətində eninə sağtərəfli Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının hərəkətləri nəticəsində bu zəlzələ baş verib".
Zəlzələnin təsirləri barədə danışan Q.Yetirmişlinin sözlərinə görə, Zaqatalanın Göyəm və Dombabinə kəndində əvvəllər qəza vəziyyətində olan 1-2 evlərdə dağıntı olub. O qeyd edib ki, köhnə tikililərdə, əvvəlki zəlzələdən çatlar olan evlərdə kiçik genişlənmə əmələ gəlib: "Amma yeni tikilən binaların heç birində təhlükə və ya qəzalı vəziyyət yoxdur. Hazırda ərazidə araşdırma aparılır, müvafiq işlər görülür".
Q. Yetirmişli əlavə edib ki, Azərbaycanın digər bölgələrində hazırda seysmiklik fon səviyyəsindədir. Onun sözlərinə görə, gün ərzində Gədəbəydə, Daşkəsəndə, Göyçayda, cənub bölgəsində, Lerikdə, Ağdaşda zəif təkanlar qeydə alınır: "Aktiv, seysmoaktiv bölgələrdə həmişə bu təkanlar baş verir. Bu da normal haldır. Bölgələr arasında da seysmik aktivliyə görə fərqlənmə var. Məsələn, Xəzərdə digər bölgəyə nisbətən, şimal-qərb bölgəsində depressiya zonası və Kiçik Qafqaza nisbətən aktivlik müşahidə olunur. Bunlar da nisbi müqayisələrdir".