Korrupsiyaya Qarşı Mübarizə ilə bağlı konfrans başa çatıb Hadisə

Korrupsiyaya Qarşı Mübarizə ilə bağlı konfrans başa çatıb

Zakir Qaralov: "Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə 18 mühüm tədbir keçiriləcək"

"Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə 18 mühüm tədbir keçiriləcək. Bu konfrans onlardan biri idi. Konfrans uğurla başa çatıb".
APA-nın məlumatına görə, bunu "Korrupsiyaya Qarşı Mübarizə: Beynəlxalq Standartlar və Milli Təcrübələr" adlı konfransın yekununa həsr olunmuş tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov deyib.
Z.Qaralov bildirib ki, konfrans müxtəlif ölkələrin nümayəndələrinin bir-biri ilə yaxından tanış olması və gələcək əməkdaşlıqların genişlənməsinə zəmin yaradıb.
Daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Azərbaycan Respublikası Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın katibi Vüsal Hüseynov mətbuat konfransı keçirərək konfransla bağlı məlumat veriblər.
O, qeyd edib ki, korrupsiya ilə mübarizə üzrə beynəlxalq təşkilatların nümayəndələri konfransda iştirak ediblər: "Tədbir zamanı maraqlı fikir mübadiləsi aparıldı. Ümid edirəm ki, gələcəkdə də əlaqələrimiz daha da genişləndiriləcək".
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov isə bildirib ki, bütün dövlətlərin nümayəndələri "ASAN xidmət"in fəaliyyətini maraqla qarşılayıb: "Onlar da öz ölkələrində bu cür bir qurum yaratmaq istəyirlər".