Avropa Birliyi Tiflisdə regional seminar keçirib Hadisə

Avropa Birliyi Tiflisdə regional seminar keçirib

İstifadə olunmamış təhlükəli kimyəvi maddələrin tənzimlənməsi mövzusu müzakirə olunub

Tiflisdə iyulun 8-10-da "Keçmiş Sovet İttifaqında istifadə olunmamış təhlükəli kimyəvi maddələrin tənzimlənməsi və köhnəlmiş pestisidlərin aradan qaldırılması və təhlükənin qarşısını almaq üçün potensialın gücləndirilməsi" mövzusunda keçirilən ikinci regional seminar başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Avropa Birliyinin dəstəyi ilə və BMT-nin Ərzaq təşkilatının (FAO) təşkilatçılığı ilə baş tutub. Tədbirdə sabiq sovetlər birliyinin 12 ölkəsi ştirak edib. Regional seminarda Azərbaycanı kənd təsərrüfatı nazirliyi iki nəfər ilə təmsil edib.
Regional seminarda pestisidlərin idarə edilməsi üçün qanunvericilik üzrə normativ bazanın yaradılması, pestisidlərin xüsusiyyətlərinin öyrənilməsi və onların idarə olunmasında qarşıya çıxan baryerin və yüksək təhlükəli pestisidlərin müəyyən edilməsi məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Seminarda Azərbaycan kənd təsərrüfatı nazirliyi yanında Dövlət Sanitar Nəzarəti Xidmətinin bitki mühafizəsi və pestisidlər (bitki mühafizə vasitələri) şöbəsinin müdiri Xoşqədəm Əsgərova çıxış edib. O, APA-ya açıqlamasında çıxışının maraqla qarşılandığını bildirib: "Çıxışım BMT-nin Ərzaq Təşkilatının (FAO) layihəsinə üzv dövlətlər arasında maraqla qarşılanıb: "Azərbaycanda pestisidlərin idarə olunmasında hökumətin böyük dəstəyi var. Məsələn, Gürcüstan və Qırğıstanda pestisidlərin idarə olunması layihələr çərçivəsində həyata keçirilir, lakin Azərbaycanda bu işlərə dövlət ciddi nəzarət edir. Dövlət köhnəlmiş pestisidləri xüsusi proqrama daxil edir və vaxtı keçən kimyəvi maddələrin yığılıb poliqona aparılaraq məhv edilməsi xüsusi nəzarətə götürülür və bütün bu işlər dövlət səviyyəsində, eyni zamanda dövlətin maliyyə dəstəyi ilə həyata keçirilir."