Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə işitirak ediblər Hadisə

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə işitirak ediblər

Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Avstriyada keçilən tədbirdə işitirak ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 3-dən 12-dək Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) "Təcrübə elmlə qovuşur" mövzusunda IV Yay Akademiyası (IACSA) keçirilib.
Dünyanın 50-dən artıq dövlətindən 65 nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları Sahib İsmayılov və Samir Mahmudov təmsil ediblər.
Tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin professorları, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr söyləyiblər.
Kurslarda tədbir iştirakçıları işçi qruplarına bölünməklə, praktiki tapşırıqların həll olunmasında aktiv iştirak ediblər, hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilib, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. Azərbaycan təmsilçilərinin iştirak etdiyi qrup müvafiq tapşırıqların həllində xüsusi fəallıq göstərdiyinə görə Akademiyanın mükafatı ilə təltif olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, Azərbaycan "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müddəalara uyğun olaraq beynəlxalq təşkilatlarla, o cümlədən IACA ilə əməkdaşlığın genişləndirilməsi, birgə təhsil və tədris layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.