Hafiz Mirzə: "Nəyə lazım bu qədər savadsız məzun buraxmaq?"
Məlahət Mürşidli: "Orta məktəbdə şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi ilə bağlı işlər zəif aparılır"
Etibar Əliyev: "Balların aşağı salınması onu göstərdi ki, Azərbaycanda orta təhsilin keyfiyyətində irəliləyiş yoxdur"
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, hər iki qrup üzrə müsabiqə şərtləri dəyişərək keçid balları aşağı salınıb.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.
Azərbaycan Dövlət Aqrar Universitetinin I və IV qruplar üzrə ixtisaslarını ümumi balı 150-dən az olmayan abituriyentlər seçə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
Qeyd edək ki, əvvəldən elan olunmuş müsabiqə şərtlərinə görə, ixtisas seçiminə I və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırdı.
İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.
Buna münasibətini açıqlayan ekspert Hafiz Mirzə bildirdi ki, ümumiyyətlə, TQDK-nın fəaliyyətini yanlış hesab edir: "O yalnız Dövlət ali məktəblərinə qəbul imtahanı keçirə və konkret keçid balı müəyyən edə bilər. Bu keçid balı isə may ayının əvvəlində elan olunmalıdır. Abitruent həmin balı toplaya bilməyibsə, balın həddi aşağı salınmamalıdır, sadəcə, o qəbul edilməməlidir. Nəyə lazımdır bu qədər savadsız məzun buraxmaq?! Özəl ali məktəblərdə isə qəbul imtahansız olmalıdır. Sənədləri ver, təhsil haqqını ödə, gir oxu. Sonda dövlət imtahanını verə bilməyən tələbəyə dövlət statuslu diplom verilməməlidir, vəssəlam...".
Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşidli keçid balının 150-yə salınmasının orta məktəblərdə təhsil səviyyəsinin göstəricisi olduğunu deyir. "İlbəil təhsilin keyfiyyətində geriləmə müşahidə olunur. Bu isə orta məktəblərin gündəmində duran məsələlərdən birinə çevrilib. Növbəti illərdə abituriyentlərdən yüksək nəticələr gözləmək qeyri-mümkündür, çünki təhsilin keyfiyyəti təhsilin məzmunu ilə deyil, təhsilverənlərin pedaqoji səviyyəsindən də asılı olan məsələlərdir".
İmtahanda çətin sualların salınması məsələsinə aydınlıq gətirən ekspert bildirdi ki, orta məktəbdə şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi ilə bağlı işlər zəif aparılır: "Buna görə, abituriyentlər daha çox imtahana salınan məntiqi sualları cavablandırmaqda çətinlik çəkirlər. Bu zaman uşaqlar düşünürlər ki, "bu sual proqramdan kənardadı, biz bunu orta məktəbdə keçməmişik". Onlar bunu deməkdə haqlıdırlar, çünki məktəblərdə uşaqlar arasında məntiqi düşüncənin inkişaf etdirilməsi istiqamətində aparılan işlər çox zəifdir. Müəllimlər üçün keçirilən təlimlər müxtəlif metodlardan istifadə edərək uşaqlarda məntiqi düşüncənin inkişafına yönəldilməlidir. Təəssüf ki bu gün müəllimlər keçirilən təlimlərdə aldıqları nəzəri bilikləri tətbiq etmirlər".
Təhsil üzrə ekspert Etibar Əliyev belə qənaətdədir ki, 150 balla indiki cəmiyyətin tələbatına uyğun mütəxəssis hazırlanmasından söhbət gedə bilməz: "I ixtisas qrupu üzrə 5 nəfər IV ixtisas qrupu üzrə isə 2 nəfər 700 bal toplasa da, bu təhsilin keyfiyyətinin yüksək olmasına dəlalət etmir. Yüksək bal toplayanlarla aşağı bal toplayanların faizi göstəriciləri uyğun gəldiyi halda təhsilin keyfiyyətinin ürək açan olduğunu demək olar. Bu il ən çox abituriyent sənədlərini birinci ixtisas qrupuna verib. İlk baxışdan belə hiss olunurdu ki, uşaqlar riyaziyyat, fizika və digər təbiət elmlərini daha yaxşı bildikləri üçün 1-ci qrupa müraciət edirlər. Amma əslində belə deyildi. Orta məktəbin buraxılış imtahanlarında 70 faizdən yuxarı şagirdin ana dili və riyaziyyat fənnindən qeyri-kafi və kafi qiymətləndirilməsi vəziyyət haqqında fikir söyləməyə əsas verirdi. Yəni, buraxılış imtahanında iki fəndən şagirdlərin aşağı göstəricisi qəbulda öz təsdiqini tapıb. Buna görə də keçid balları 150 bala endirilib".
Ekpert bildirdi ki, 700 bal 5 qiymətləndirmə hesab olunursa, 150 bal bu qiymətləndirmənin yarısı belə etmir: "Şagirdlərin 31 faiz qeyri-kafi ilə qiymətləndirilmişdi. Demək, orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bağlı həyəcan təbili çalmaq lazımdır. Keçid balının aşağı salınması orta məktəblərdəki nəticələri də təsdiqlədi.
Etibar Əliyevin sözlərinə görə, I qrupa sənəd verən abituriyentlər ümidli idilər ki, ötən tədris ilində olduğu kimi, bu il də ballar aşağı salınacaq və onlar bundan istifadə edərək aşağı ballarla tələbə adı qazana biləcəklər.
Balların aşağı salınması ali məktəblərə qəbul planlarının dolmasına xidmət göstərən bir addımdır. Qəbul planı dolmursa, müəllimlər ixtisar oluna bilər, yaxud Azərbaycan dünyada min nəfərə düşən tələbələrin sayına görə sonuncu yerlərdən birini tutar. Amma bunlar kəmiyyət göstəricisinə köklənmiş məsələlərdir. Keyfiyyətə keçid yaradılmalı və bunun üçün geniş tədbirlər planı hazırlanmalıdır.
Ən çox abituriyent I qrupa üz tutdu".
Ekspert bildirdi ki, balların aşağı salınması onu göstərdi ki, Azərbaycanda orta təhsilin keyfiyyətində irəliləyiş yoxdur. Onun sözlərinə görə, normal bal toplayanlar isə fərdi repetitorların və böyük kurslarda keçirilən dərslərin hesabına yüksək nəticələr əldə ediblər. Etibar Əliyev bütün dünyada inkişafın göstəricilərindən birinin həmin ölkədə texniki və təbiət elmlərinə üz tutan vətəndaşların savadlılıq dərəcəsi olduğunu bildirib: "Azərbaycanda isə keyfiyyətli çoxluq humanitar fənlərə meyl edir".
Etibar Əliyev həmçinin buraxılış imthanlarının nəticələrinin bərbad olduğunu bildirib. Onun sözlərinə görə, nəticələr ölkədə orta təhsil sisteminin məhv olduğunu göstərir: "Mən, builki buraxılış imtahanları haqqında təxminən əvvəl söyləmişdim ki, nəticələr ötənilkindən də pis olacaq. Çünki məktəblə bağlı ciddi dəyişikliklərə yol açan islahatlar aparılmayıb, orta təhsilin məzmunu, eyni zamanda, məktəb mühitinin yaxşılaşdırılması istiqamətində demək olar ki, pozitiv iş görülməyib. 9-11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri göstərdi ki, həqiqətən də Azərbaycanda savadsızlıq sindromu yaranıb. Sovetlər birliyi yarananda ilk vaxtlar savadsızlığın aradan qaldırılması üçün dekret qəbul olunmuşdu. İndi Azərbaycanın da elə bir dekretə ehtiyacı var. Bu gün bütün dünya funksional savadsızlığın aradan qaldırılması uğrunda mübarizə aparır. Yəni, şagird məktəbi bitirəndə yazmağı, oxumağı, adi riyazi əməlləri həll etməyi bacarmır, eyni zamanda, düşdüyü vəziyyətdən çıxmaq üçün bilik tətbiq edə bilmir. Bu, funksional savadsızlıqdır. Nəticələrə görə, 9-11-ci sinif şagirdlərinin böyük əksəriyyəti "2", "3" alıb".
Əli