Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər Hadisə

Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının üzvləri "Ana harayı" abidəsini ziyarət ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri abidənin önünə əklil və gül dəstələri qoyublar, faciə qurbanlarının ruhuna dualar oxuyublar.
Fəttah Heydərov bildirib ki, 26 fevralda Azərbaycan xalqının başına gələn bu müsibət hər il xalqımız tərəfindən kədərlə xatırlanır: "Misli-bərabəri görünməyən, dinc əhalinin öz evində vəhşicəsinə qətl olunması, ev-eşiyindən didərgin salınması, qarda-boranda, qarlı yollarda həlak olması, həqiqətən bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Bu faciənin üzərindən 27 il keçsə də, Azərbaycan xalqının qəlbində ağır bir yara kimi qalıb. Bu gün artıq dünyanın hər yerində insanlar sülhü, əmin-amanlığı düşünür. Bu düşüncədə olan insanlar bu acı xatirəni, soyqırımı insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi qiymətləndirirlər".