
Azər Kərimli: "Son illərdə İtaliyanın 3 bölgəsi ilə Azərbaycanın 3 bölgəsi arasında qardaşlaşma ilə bağlı müqavilələr imzalanıb"
İtaliya-Azərbaycan dostluğu inkişafın ən yüksək həddindədir.
Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Azərbaycan-İtaliya Dostluq Qrupunun rəhbəri Azər Kərimli deyib.
Onun sözlərinə görə, iki dövlət arasında ikitərəfli münasibətlər ildən-ilə genişlənir:
Dostluq Qrupunun rəhbəri deyib ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır:
"Bu münasibətlər ildən-ilə inkişaf edir. Ölkələr arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. İki ölkənin parlamentlərarası əlaqələri də çox yaxşı səviyyədədir.
Ölkələr arasında neft və qeyri-neft sektorunda normal münasibətlər qurulub. Bu münasibətlər gündən-günə inkişaf edir".
Deputat bu yaxınlarda ölkə Prezidenti İlham Əliyevin İtaliyaya səfərinin dövlətlər arasında dostluğu daha da möhkəmləndirəcəyini də vurğulayıb: "Bu günlərdə prezident İlham Əliyevin İtaliyaya növbəti dəfə uğurlu bir səfəri baş tutdu. Səfər çərçivəsində bir çox rəsmi sənədlər imzalandı. Azərbaycan, həm də İtaliya üçün topoqrafik layihə müzakirə olundu. Təkcə İtaliya deyil, bir çox Avropa ölkələri bu layihəyə çox böyük önəm verir. Bu layihədən gözləntilər çox böyükdür.
Bu layihə ilə tək İtaliyanın deyil, bir çox Avropa ölkələri özlərinin qaz təchizatını və başqa ölkələrdən olan asılılığı minimuma endirəcəklər. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bütün dünyada olduğu kimi İtaliyada da fəaliyyətini qeyd etmək istəyirəm.
Son illər Heydər Əliyev Fondu Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və Azərbaycan reallıqlarını bütün dünyada olduğu kimi İtaliya ictimaiyyətinə çatdırmaq üçün bir çox tədbirlər keçirir.
İtaliya-Azərbaycan Assosiasiyası Azərbaycan mədəniyyəti və incəsənəti haqqında məlumatların çatdırılmasında öz töhfələrini verir. Hesab edirəm ki, dövlətlər arasında olduğu kimi bölgələr arasında da əlaqələr inkişaf etdirilir. Bakı və Neapol qardaşlaşmış şəhərlərdir.
Düşünürük ki, bölgələr arasında iqtisadi münasibətlər də qurulmalıdır. Bir-birlərinin təcrübələrindən faydalanmalıdırlar. Son illərdə İtaliyanın 3 bölgəsi ilə Azərbaycanın 3 bölgəsi arasında qardaşlaşma ilə bağlı müqavilələr imzalanıb.
Qax rayonu ilə Borno şəhəri, Gəncə şəhəri ilə Beaturin şəhəri arasında əlaqələr inkişaf edir. Hesab edirəm ki, bu əlaqələrin çox böyük önəmi var" - deyə, o, sözlərinə əlavə edib.
XC