Bakıda tunel tipli yolötürücü tikilir Hadisə

Bakıda tunel tipli yolötürücü tikilir

Paytaxtın ciddi nəqliyyat problemləri bitmək bilmir

Tərlan

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və maneəsiz çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, tunelin yanaşma yolları ilə birlikdə uzunluğu 510m, qapalı hissəsi 53,4m, eni isə 34,2m təşkil edəcək.
6 hərəkət zolağı üçün nəzərdə tutulan tunel tipli yolötürücüsünün svay-qazma işləri və qapalı hissənin bir tərəfində dəmir-beton tirlərin quraşdırılması yekunlaşıb. İstinad divarlarının 40, yanaşma yollarında qazıntı işlərinin 65%-i başa çatdırılıb. Hazırda döşəmə hissəsində bərkitmə işləri gedir. Yaxın günlərdə həmin hissənin betonlanmasına başlanılacaq. Tunel istismara verildikdən sonra yeni tikilən avtomobil yolundan Olimpiya stadionu ərazisinə nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin hissədə dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılara imkan yaradacaq.
2011-ci ilin sonundan fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır. Amma ötən dövrdə nəinki həmin problemlər aradan qalxmayıb, hətta bir qədər də kəskinləşib. Görəsən, hərbi paliqona gedən yola oxşayan Dərnəgül yolunun tikintisi nə vaxt başa çatacaq? Habelə səhərlər Sumqayıt istiqamətindən Bakıya, axşamlar isə əksinə avtomobillərin hərəkəti nə vaxt qaydasına düşəcək, maşınlar addım-addım getmək prinsipindən necə qurtulacaqlar? Yol tikintiləri uzun müddət davam etdiyindən paytaxtda böyük narahatçılıqlar da yaradır. Uzud müddətdir ki, dərnəgül yolu tunellər və körpülər tikmək məqsədilə qazılaraq istifadə üçün bərbad vəziyyətə salınıb: nə tikinti bitir, nə də narahaçılıqlar. Başqa küçələrdə də analoji vəziyyətdir.
Həqliyyat sistemindəki problemlərin kökündə o durur ki, konkret məqsədlərə nail olmaq üçün sahəvi proqramlar yoxdur. Elə bunun nəticəsidir ki, inkişaf kosmetik xarakter daşıyır. Çox zaman tikmək əvəzinə köhnəni də sökməyə canla-başla girişirlər. Hökumətin aydın və peşəkar nəqliyyat siyasəti yoxdur. Ölkə yollarının vəziyyəti, sərnişinlərə yarıtmaz xidmət, avtombillərin yararsızlığı və s. göz önündədir. Bunların nəticəsidir ki, bəzən məmurlar subyektiv yanaşmalar əsasında qərarlar qəbul edirlər. Paytaxtda çox ciddi nəqliyyat problemi yaranıb və hökumət ondan heç cür çıxış yolu tapa bilmir. Həm sıxlıqdır, həm də ekoloji durum kritik həddə çatıb.
Asiya İnkişaf Bankı (AİB) Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsini nəzərdə tutan layihə hazırlayacaq. Layihənin reallaşması üçün Bank tərəfindən artıq 925 min ABŞ dolları həcmində qrant ayrılıb. Həqliyyat sahəsində tədqiqatlar 2014-cü il ərzində də davam etdiriləcək və müxtəlif həll variantları təhlil etmək üçün multimodal nəqliyyat proqnozlaşdırılması modeli hazırlanacaq. Avtomobil dayanacaqlarının tikintisi strategiyası, nəqliyyat axınının idarə edilməsi tədbirləri, strateji nəqliyyat dəhlizlərində avtobuslar vasitəsilə kütləvi və sürətli tranzit sisteminin yaradılması, paytaxt yol şəbəkəsinin və əsas qovşaqların təkmilləşdirilməsi, ictimai velosiped mübadiləsi sxemləri və digər innovativ və davamlı tədbirlər vasitəsilə Bakı şəhərini tıxac və həddən artıq yüklənmədən azad etmək üçün tövsiyələr hazırlanacaq.
Azərbaycanda hər bir avtomobil yolunun məlumat vərəqəsi olacaq. bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydası"nda əksini tapıb. Nəqliyyat Nazirliyi tərəfindən yaradılacaq və aparılacaq avtomobil yollarının vahid dövlət reyestri mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında Azərbaycan dilində məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır. Avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsi ilə bağlı müəyyən edilmiş qaydaya uyğun tərtib ediləcək. Bu məlumatlar sırasına avtomobil yolunun mülkiyyətçisi və sahibi, avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən nömrəsi və uzunluğu, avtomobil yolunun xəritəsi, avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu, avtomobil yolunun faktiki vəziyyəti, avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti və yol nişanlarının dislokasiyası daxildir.
Reyestrin əsas bölməsi reyestrə daxil edilməsi üçün göndərilən məlumat vərəqələrinin qeydiyyatı jurnalı, reyestrdən çıxarışların qeydiyyatı jurnalı, məlumat xəritələrinin və yolun mülkiyyətçisi və sahibi tərəfindən təsdiq edilərək məlumat vərəqəsinə əlavə edilən surətlərin yerləşdiyi qovluqdan ibarətdir. Avtomobil yolları haqqında məlumatların yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi veriləcək.