Ermənilər təcili tibbi yardım maşının atəşə tutublar Hadisə

Ermənilər təcili tibbi yardım maşının atəşə tutublar

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 28-də 22:00 radələrində Azərbaycanın döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.
Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ markalı avtomobilə dəyib.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
Qeyd edək ki, təcili tibbi yardım maşınını atəşə tutmaqla ermənilər bir daha beynəlxalq konvensiyalara məhəl qoymadıqlarını göstərirlər.
Baş verən hadisəyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması Ermənistan cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır: “Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması bu vaxta qədər müşahidə edilən hadisədir. Ermənilər sərhəddə atəşkəsi pozmaqla həmişəki məqsədlərinə xidmət edirlər. Onlar daima cəbhə bölgəsində gərginlik yaratmağa və danışıqlarn prosesinə mane olmağa çalışırlar. Çünki danışıqlar prosesi ilə bağlı son zamanlar beynəlxalq təşkilatlardan Ermənistana müraciətlərin və təzyiqlərin sayı artıb.
Atəşkəs yalnız Ermənistan tərəfindən pozulur. Son zamanlar Ermənistan tərəfinin hərbi təcili tibbi yardım maşınlarımızı da atəşə tutmasının şahidi oluruq. Azərbaycan tərəfi erməniləri cavab atəşi ilə susdurmaqla məşğuldur. Bu da təbii olaraq Ermənistan tərəfinin itki verməsi ilə nəticələnir.
Bütün bunların hamısı təbii prosesdir və biz torpaqlarımızı azad edib ərazi bütövlüyümüzü bərpa edənə qədər davam edəcək”.