MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb Hadisə

MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb

“Hazırda pilot Rəşad Atakişiyevin axtarışı davam etdirilir”. Bu barədə MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, təyyarənin gövdəsinin dənizdən çıxarılması üçün işlər aparılır:
"Ümid olunur ki, gövdənin altında pilotun kabinəsini tapmaq mümkün olacaq. Dənizin altındakı hava axınları bu işə mane olur, qaldırıcı kranın troslarını gövdəyə bərkitməyə imkan vermir. Həmin yerdə dərinliyin 27 metr olduğu deyilir".
Q.Hüseynli qeyd edib ki, təyyarənin parçaları bir kilometr radiusda səpələnib.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Müdafiə Nazirliyinin dünən yaydığı məlumata görə, MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb. Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.