Elektron dərslik portalında 39 dərslik yenilənib Hadisə

Elektron dərslik portalında 39 dərslik yenilənib

Dərsliklərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az dərslik portalına yerləşdirilməsi prosesi davam etdirilir. Təhsil Nazirliyindən bildirilib ki, artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib. Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.
Elektron dərslik portalı cari tədris ilinin əvvəlindən bu günədək ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə yüksələrək 46-cı olub. Bu müddət ərzində portala giriş sayı 512748-ə, səhifələrə ümumi baxış sayı isə 3790938-ə çatıb. Ötən ilin müvafiq dövründə isə portala giriş sayı 326821, səhifələrə ümumi baxış sayı isə 2254 474 olub. Oktyabr ayı ərzində portala gündəlik ortalama giriş sayı 12500 olub. Bu dövr ərzində portala ən çox müraciət edən ilk 5 ölkə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və ABŞ-dır. Portalda ən çox müraciət edilən 5 dərslik isə ardıcıl olaraq riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif) və coğrafiya (6-cı sinif) olub.
Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1754280, səhifələrə ümumi baxış sayı isə 14625792 olub. 2018-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 1037849 və 8163538 təşkil edib. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.