Etibar Mirzəyev Türkiyəli həmkarları ilə görüşüb Hadisə

Etibar Mirzəyev Türkiyəli həmkarları ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir müavini Etibar Mirzəyev FHN Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin INSARAG sinifləndirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər və növbəti addımlar barədə məlumat verib, bu sahədə göstərdikləri dəstəyə görə Türkiyə nümayəndə heyətinə təşəkkürünü bildirib. Nazir müavini hər iki qardaş ölkənin uyğun qurumlarının BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupunun tərkibində səmərəli əməkdaşlığını xüsusi qeyd edib.
Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan səmimi görüşə görə təşəkkürünü bildirərək, Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin hazırlıq prosesi çərçivəsində Azərbaycan FHN-in qurumlarının təchizat və fəaliyyəti ilə tanış olduqlarını, qurumların axtarış-xilasetmə, yanğınsöndürmə sahəsində geniş imkanlarından məmnun olduqlarını dilə gətirib. Qonaq Azərbaycanın “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimə ev sahibliyi etməsini yüksək qiymətləndirdiyini və əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüş zamanı FHN Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçirilməsinə hazırlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.