Azərbaycanda su çatışmazlığı müşahidə olunur Hadisə

Azərbaycanda su çatışmazlığı müşahidə olunur

"Azərbaycanda da su çatışmazlığı problemi müşahidə olunur".
Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında deyib.
Nazir əmin olduğunu bildirib ki, bu tərəfdaşlıq ətraf mühitin qorunmasına da təsirsiz ötüşməyəcək: “Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi su tələb edir. Ölkəmizdə olan çayların 70%-i su mənbəyi hesab olunur. Son onilliklərdə su resurslarımız 15%-ə qədər azalıb və 2050-ci ilə kimi daha 15% azala bilər. Suyun azalması eroziyaya, torpağın deqradasiyasına gətirib çıxarır. Suyun effektiv istifadəsi iqlimin dəyişikliyinin qarşısının alınmasında müsbət rol oynayır. Ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün su çatışmazlığı müşahidə olunur. Biz müsbət həllərin axtarılmasına davam edəcəyik”.
Qeyd edək ki, dekabrın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin VI iclası işə başlayıb. Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov iclasda çıxış edərək, ECO ölkələrinin böyük potensiala malik olduğunu deyib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüldüyünü deyən İnam Kərimov qeyd edib ki, Mərkəzin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumlar və ya mərkəzlər sıx əməkdaşlıq edəcəklər.