Gəncədə Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi istifadəyə verilib Hadisə

Gəncədə Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. APA-nın yerli bürosunun çəlumatına görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimai birliklərin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin tapşırıqları əsasında reabilitasiya və sosial xidmətlər infrastrukturunun müasir tələblərə uyğun qurulması işlərinin aparıldığını vurğulayıb. Onun sözlərinə görə, bu ilin noyabr-dekabr aylarında nazirliyin Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Bakıdakı Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
A.Kərimov deyib ki, dekabr ayında Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb, bu gün isə Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilir: "Hazırda nazirliyin Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Göygöl və Şamaxı rayonlarındakı psixonevroloji sosial xidmət müəssisələrində də əsaslı təmir və yenidənqurma işləri davam edir".
Nazir müavini bildirib ki, ölkəmizdə aparılan sosial siyasətdə yaşlı, ahıl insanların dövlət qayğısı ilə əhatə olunması mühüm yer tutur. Onların pensiya təminatı ildən-ilə güclənir və bu ildə də bu sahədə mühüm addımlar atılıb. Habelə tənha ahıl vətəndaşlara evlərində sosial-məişət xidməti göstərilir. Bu il sosial xidmət sistemində yeni istiqamət kimi, nazirliyin dəstəyi ilə ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb. Eyni zamanda, pensiya yaşına çatmış şəxslərin ehtiyaclarına uyğun olaraq stasionar şəraitdə sosial xdmətlərlə təminatı işləri aparılır. Bakının Sabunçu rayonundakı Pensiya yaşına çatmış şəxslər sosial xidmət müəssisəsində müasir şərait mövcuddur və artıq Gəncə şəhərindəki Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzində də belə bir müasir şərait yaradılıb.
A. Kərimovun sözlərinə görə, müəssisə stasionar şəraitdə sosial xdmətlərə ehtiyac duyan 110 nəfər üçün nəzərdə tutulub və burada həmin insanlar daimi dövlət təminatında yaşayacaqlar: "Burada yaradılan müasir şərait də yaşlı, ahıl insanlara dövlətin yüksək qayğısının bir göstəricisidir".
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin həssas əhali qruplarından olan vətəndaşlara diqqət və qayğısından bəhs edib. Bu kateqoriyadan olan vətəndaşların qayğı ilə əhatə olunması istiqamətində Gəncə şəhərində də müvafiq işlərin aparıldığını diqqətə çatdırıb. N.Bayramov Gəncə şəhərində belə bir müasir şəraitli müəsissənin istifadəyə verilməsinin bu şəhərdə və ətraf rayonlarda yaşayan, stasionar şəraitdə sosial xidmətlərə ehtiyac duyan yaşlı insanlara böyük qayğının təzahürü olduğunu bildirib.
Sonra tədbir iştirakçıları Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzində yaradılan şəraitlə tanış olublar. 3 mərtəbəli bina üçün əlavə yardımçı bina tikilib da tikilib. Müəssisədə avadanlıqlar, bütün kommunal sistem də yenilənib, hər bir otaqda normal yaşayış şəraiti yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.