
ABŞ Ukraynaya yeni silahlar verəcək
31 May 22:50
31 May 22:50
Bakı şəhəri Xəzər rayonu 216 nömrəli orta məktəb Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində şagirdlər üçün “Dünya uşaq ədəbiyyatının səsli kitabxanası” layihəsini uğurla icra edərək ölkə məktəblilərinin ixtiyarına verib. “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qalib olan bu layihə şagirdlərlə yanaşı, görmə imkanları məhdud olan uşaq və gənclərin mütaliə imkanlarını genişləndirməyə xidmət edir.
Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı əsasında nəşr olunan və ölkə kitabxanalarına hədiyyə edilən kitablar peşəkar qiraətçilər tərəfindən səsləndirilərək açıq resurs kimi www.seslikitabxana.az portalında yerləşdirilib. Hazırda 306 nağıl, hekayə və romanın yer aldığı bu portal vasitəsilə məkandan asılı olmayaraq hər bir şagirdin dünya uşaq ədəbiyyatına aid olan və Təhsil Nazirliyinin tövsiyə etdiyi kitabları səsli formada dinləmək imkanı var.
Xəzər rayonundakı 216 nömrəli məktəbin direktoru, layihənin müəllifi Elnur Bayramov bildirib ki, bu portalın yaradılmasına gərgin əmək sərf olunub. Mart ayından etibarən hər kəs ölkənin, eləcə də dünyanın istənilən yerindən seslikitabxana.az saytına daxil olmaqla yüzlərlə müxtəlif janrda olan səsli resursları dinləyərək mütaliə edə bilər.
Elnur Bayramov bütün ölkəni əhatə edən bu layihənin görmə məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası baxımından da müstəsna rol oynayacağını qeyd edib. O bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda hədəf və tədbirlərdən biri məhz xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamında ölkənin bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sisteminin yaradılması informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması tapşırığını da nəzərə alaraq deyə bilərik ki, bu innovativ layihə müasir standartlara cavab verən bir model kimi həmin Sərəncamın tələbləri ilə də tam uzlaşır. Layihə müəllifi vurğulayıb ki, öyrənməni və şagirdlərin sinifdənxaric oxu imkanlarını genişləndirən bu portala gələcəkdə daha çox resursun yerləşdirilməsi nəzərdə tutulur.