Azərbaycanın Ukraynadakı səfiri Xarkova gedib Hadisə

Azərbaycanın Ukraynadakı səfiri Xarkova gedib

Eynulla Mədətli Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsini ziyarət edib

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Xarkov vilayətinin qubernatoru İqor Balutanın "İnnovasiyalar, Sərmayələr, Xarkov təşəbbüsləri" mövzulu 6-cı Xarkov beynəlxalq iqtisadi konfransında iştirakla bağlı dəvəti üzrə Xarkov şəhərinə səfər edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransdan öncə səfir Xarkov vilayətinin qubernatoru ilə görüşüb, vilayətlə ölkəmizin regionları arasında əlaqələr barədə fikir mübadiləsi aparıb. Qubernator Azərbaycan və Ukrayna arasında əlaqələrin vacibliyini qeyd edib, regionda və dünyada davam edən çətin siyasi şəraitdə Azərbaycanın Ukraynaya yüksək dəstək verdiyinə görə minnətdarlığını ifadə edib.
Xarkova səfər çərçivəsində səfir buradakı Azərbaycan diaspor fəalları ilə görüşüb. Səfir Xarkov şəhərindəki fəxri konsul Əfqan Salmanov və Xarkovdakı bir sıra Azərbaycan diaspor rəhbərləri ilə birgə Azərbaycanın Milli qəhrəmanı Viktor Seryoginin Xarkovda yaşayan ailəsini ziyarət edib. Azərbaycan Silahlı Qüvvələrində pilot kimi xidmət etmiş Viktor Seryogin 1992-ci ilin 28 yanvar tarixində Qarabağda şəhid olub, Bakıda şəhidlər xiyabanında dəfn edilib. Viktor Seryoginin anası Qalina və bacısı Oksana Seryoginalar Milli qəhrəmanın ailəsinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını yetirməyi xahiş ediblər.