Qara fəhləlikdən neft maqnatlığına aparan həyat yolu Hadisə

Qara fəhləlikdən neft maqnatlığına aparan həyat yolu

Murtuza Muxtarovun Bakıda, Rusiya və Avropa şəhərlərində tikdirdiyi bir çox binalar bu gün də onun adını yaşadır

XX əsrin əvvəlində ilk milyonçu yerli neftxudalar ən aşağı sosial təbəqələr arasından çıxıblar. Karyeralarının əvvəlində onlar mədənlərdə fəhlə, usta köməkçisi, yaxud usta işləyiblər. Murtuza Muxtarov da belə bir yol keçib: qara fəhləlikdən neft maqnatlığına aparan həyat yolu. 1865-ci ildə Əmircan kəndində dünyaya gəlib. Onun nəslində hamı arabaçı olub - kəl və ya at arabaları ilə Bakıdan Tiflisə yük daşıyarmışlar. 1880-ci ildə gənc Murtuza qardaşı ilə birlikdə arabalarını sataraq, Balaxanı kəndi yaxınlığındakı mədəndə fəhləliyə başlayır. Bir müddət o zamanki ibtidai quyulardan əl ilə neft yığan fəhlə işləyir. Həmin illərə aid tarixi kadrlar yəqin ki, çoxunuzun xatirindədir - başdan ayağadək neftə bulaşan fəhlələr quyulardan badyalarla "qara qızıl" çıxarırlar. Gənc Murtuza da çörəyini belə əziyyətlə qazanır. Amma çox keçmədi ki, bu cavan oğlan zirəkliyi ilə mədən sahibinin diqqətini cəlb edir. Onu usta vəzifəsinə irəli çəkirlər. Az sonra isə 1890-cı ildə 25 yaşlı Murtuza Muxtarov özəl qazma kontorunu açır və ən mürəkkəb və dərin quyuların qazılması üzrə sifarişlər almağa başlayır. Onun ixtiraçılıq məharəti də elə burada üzə çıxır - Kanada istehsalı olan qazma alətinə etdiyi dəyişiklik həm avadanlığın istehsal qabiliyyətini artırır, həm də istifadə müddətini uzadır. Muxtarovu quyulardakı nasazlıqların təmiri və aradan qaldırılması üzrə əvəzolunmaz usta kimi müxtəlif mədənlərə dəvət etməyə başlayırlar. Gənc Murtuza fitri çevikliyini nəzəri biliklərlə də zənginləşdirir - mühəndislər arasından özünə müəllimlər tutaraq, onların köməyilə sanballı texniki hazırlığa yiyələnir. O, maşınların səsindən, balta və boruların ahəngindən, avadanlıqların gurultusundan quyunun dərin qatlarındakı vəziyyətini müəyyən edə bilirdi. Bakıda neft çıxarılması texnologiyasının inkişafı məhz Muxtarovun adı ilə bağlıdır. O, yüksək texniki təhsil almasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini peşəkar bilən bir sahibkar idi. O həmçinin zamanında diplomsuz neft mühəndisi kimi tanınmış, Azərbaycan neft sənayesi tarixində öz ixtiraları ilə qalmışdır. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. Onun bu ixtirası "Bakı qazma sistemi" adı ilə tarixdə qalır. Muxtarovun dəzgahı o vaxtadək məlum olan bütün qazma dəzgahlarından mükəmməl idi. Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahiblərilə də müqavilə bağlıyıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi.
XIX əsrin sonralarında Murtuza Muxtarov Bibiheybətdə iri qazma avadanlığı zavodu tikir. Bu zavod Rusiyada neft avadanlığı istehsal edən ilk sənaye müəssisəsi idi. O, zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli gözəl bir bina da tikdirmişdi. Yaradılan şərait Bakının ən yaxşı işçi qüvvəsini bura cəlb edirdi. Muxtarovun zavodunda buraxılan avadanlıq və dəzgahlar Rusiya bazarında satılır, xaricə ixrac edilirdi. Muxtarov artıq varlı adam idi. Çox məğrur olan bu insan Bakının yeganə milyonçusu olub ki, yanında heç bir qoçu saxlamayıb. Bakının qoçuları ondan ehtiyat edərdi. Manaf Süleymanov "Elədiklərim, oxuduqlarım, gördüklərim" kitabında yazır ki, bir dəfə Murtuza Muxtarov Beslanda restoranda oturub nahar edib qatarı gözləyirmiş. Birdən qaçaqaç düşür ki, bəs Zəlim xan gəlir. Zəlim xan Beslanda tanınmış qoçu idi. Muxtarovdan başqa hamı qaçıb gizlənir. Neftxudanın yanındakı adam deyir ki, ağa atlar və kareta hazırdır, dur qaçaq. Muxtarov deyir ki, heç yerə getməyəcəyik, sən də otur burda, durma. Çox keçmir ki, Zəlim xan içəri daxil olur və Muxtarovgili görüb təəccüblənir. O, Muxtarovu öz masasına dəvət edir, amma Murtuza bu dəvəti rəd edir. Bu zaman Zəlim xanın adamları istəyirlər ki, gedib Muxtarovgili öldürsünlər, Zəlim xan buna icazə vermir. Özü durub Muxtarovun oturduğu masaya yaxınlaşır. Muxtarovun cəsarəti onun çox xoşuna gəlir və sonradan onlar dostlaşırlar. Zəlim xanı çar höküməti öldürdükdən sonra onun iki uşağına Murtuza Muxtarov himayədarlıq edir. Murtuza Muxtarov Bakıdan başqa onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində indiyədək əzəmətini saxlayan bir çox binaların tikilməsinə dəstək verib. Onun Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. Əmircan məscidinə M.Muxtarov məxsusi olaraq müqəddəs Qurani-Kərim hədiyyə edir. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanır. Deyilənə görə, həmin Quran 25 kq ağırlığındadır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır. Quranda Allah kəlmələri bütünlüklə qızıl suyu ilə həkk olunub. Muxtarov kontorunun işgüzar əlaqələri geniş idi. O, tez-tez şəxsən Rusiyanın müxtəlif quberniyalarına səfər edir, işgüzar müqavilələr bağlayırdı. Xüsusən Şimali Qafqaz neft sənayeçiləri, Maykop və Qroznıdakı mədən sahibləri ilə isti münasibətlər saxlayırdı. Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında yazır ki, belə səfərlərinin birində qatar Beslan stansiyasında dayanarkən perronda gəzişən Muxtarov maraqlı bir hadisənin şahidi olur. Çərkəzi bir hərbçi perronda yerə xalça salır, üstündə namaz açır. Çərkəzi geyimli, nəcib görünüşlü bir general namaz qılmağa başlayır. Murtuza Muxtarov stansiya işçilərindən bu generalın kim olduğunu soruşur və öyrənir ki, o, Vladiqafqazdan olan məşhur knyaz Hambi Tuqanovun özüdür. Onlar tanış olurlar, söhbətləri tutur. General Murtuza Muxtarovu Vladiqafqazdakı evinə qonaq çağırır. Murtuza burada öz gələcək həyat yoldaşı - generalın ortancıl qızı Lizanı görür və ilk baxışdan ona aşiq olur. Qız da onu bəyənir. Manaf Süleymanovun eşidib qələmə aldığına görə, Murtuza Muxtarovun elçilik və toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçir. Nişanda ağ çərkəzi çuxa geyinib ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirmiş, toy isə 7 gün, 7 gecə davam etmişdi. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə aparmışdılar. Onlar Avropaya toy səyahətinə çıxırlar. Qayıtdıqdan sonra xoşbəxtər bir neçə il Vladiqafqazda yaşayır. Muxtarov öz ailə xoşbəxtliyinə görə osetin torpağına minnətdarlığının ifadəsi kimi 1908-ciildə Vladiqafqazda öz vəsaiti ilə birçox parametrlərinə görə nadir memarlıq nümunəsi olan sünni məscidi inşa etdirir. Şiə məzhəbli Muxtarovun tikdirdiyi sünni məscidi indi də Şimali Qafqazın ən nəhəng məscidlərindən sayılır. Ekspertlərin fikrincə, Muxtarovun tikdirdiyi bu məscid içinin işlənmə gözəlliyi baxımından Rusiya ərazisində ən zəngin məscidlərdəndir. Osetin tarixçilərinin yazdığı kimi: "Vladiqafqaz şəhərinin sünni icmasının səlahiyyətli nümayəndələri" general-leytenant İnal Kusov və İdris Şanayev məscidi tikdirmiş bakılı tacir Murtuza ağa Muxtarova bütün Vladiqafqaz müsəlmanları adından səmimi minnətdarlıq ifadəsi olaraq məscidi "Muxtarovun Cümə məscidi" adlandırmağa qərar verirlər".
Murtuza Muxtarov gənc xanımı ilə Avropada toy səyahətində olarkən Venesiya şəhəri ecazkar memarlığı ilə gözəl Lizanı heyran edir. 1910-cu ildə Vladiqafqazdan Bakıya qayıdan Murtuza Muxtarov bunu nəzərə alaraq sevimli arvadı üçün Venesiya üslubunda saray tikdirir. Bu gün də Bakının memarlıq incilərindən sayılan həmin saray inqilabdan sonrakı ilk illərdə qadın klubuna verilsə də, uzun illərdir ki, "Səadət sarayı" kimi tanınır. Bakıda və şəhər kənarında, Rusiya və Avropa şəhərlərində onun vəsaiti hesabına tikilən bir çox binalar bu gün də Muxtarovun adını yaşadır. Muxtarov xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak edir, yoxsullara maddi yardım göstərməyə xəsislik etmirdi. Həyat yoldaşı Liza xanım 1914-cü ildə yaradılan Bakı Qadın Xeyriyyə Cəmiyyətinə başçılıq edirdi. Eyni zamanda vərəmlə mübarizə üzrə Qafqaz Cəmiyyəti Bakı şöbəsinin idarə heyətinin üzvü idi. 1913-cü ildə təşkil edilmiş "Uşaq xəstəxanası" xeyriyyə cəmiyyətinin ən fəal üzvlərindən olan Liza xanım Bakıda məxsusi uşaq müalicəxanasının yaradılmasına yardım göstərmişdi. Onun maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz övladı olmadığından Liza xanım dəbdəbəli sarayında pansion yaratmışdı, yetim və yoxsul ailələrdə böyüyən qızlar burada təlim-tərbiyə alırdılar. "Murtuza Muxtarov" Səhmdar Cəmiyyəti idarə heyətinin üzvü olan Liza xanım "Nicat" Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə də dəstək verirdi. Qala kəndində Murtuza Muxtarovun Qadın Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışladığı torpaq sahəsinin (təxminən 2,5 hektar) planı, cızılmış sənədlər indiyədək qalır. Həmin ərazidə iki yetimxana tikilmişdi. Qarşıdan isə 1920-ci ilin apreli gəlirdi. Bakının azərbaycanlılar yaşayan məhəllələrində törətdikləri qətllərdən, qarətlərdən sonra erməni bolşevik dəstələri Muxtarovların evinə çatırlar. Evinin astanasında silahlı qəsbkarlarla qarşılaşan Muxtarov əvvəlcə onlara atəş açır, sonrada tapançanın lüləsini öz alnına dirəyir.
Liza xanımı bolşeviklər əvvəlcə öz evinin zirzəmisində yaşamağa məcbur edirlər. Sonra isə... Fuad Axundov yazır: "Sara xanım Aşurbəyli danışardı ki, o, anası İsmət xanımla birlikdə Liza xanıma baş çəkər, ona azacıq da olsa kömək edərmişlər. Lakin Bakıda qalmaq getdikcə çətinləşirdi. Təhlükədən yaxa qurtarıb mühacirət etmək məqsədi ilə bir türk diplomatı ilə saxta nikah bağlayan Liza xanım İstanbula gedir. Lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır". Liza xanım Muxtarovanın sonrakı taleyi barədə çox az məlumat var. Bircə o məlumdur ki, 1956-cı ilədək İstanbulda yaşayıb. Başqa bir neft maqnatının Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva öz müsahibələrinin birində demişdi: "Keçmiş Bakı milyonçularından yalnız Muxtarov hörmətə layiqdir. O, kişi kimi yaşadı və kişi kimi də öldü". Belə bir xatirə qoymaqdan ötrü yaşamağa dəyərdi. İnsandan sonra yaşayan xoş xatirə isə heç də kiçik sərvət deyil.

Ülviyyə Tahirqızı