Baş epidemioloq: “Vətəndaşlar karantin qaydalarına riayət etməsələr...” Hadisə

Baş epidemioloq: “Vətəndaşlar karantin qaydalarına riayət etməsələr...”

Hazırda karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırılıb, yumşaldıcı tədbirlər görülüb. Lakin bu o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər. Koronavirus infeksiyası uzunmüddətli prosesdir. Bu səbəbdən də hər kəs sosial məsuliyyətdən irəli gələn tədbirlərə, yəni sanitar-epidemioloji qaydaların hamısına riayət etməlidir. Bura şəxsi gigiyena və zəruri profilaktik qaydaların hamısı daxildir. Bu müddət ərzində sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli şəkildə yumşaldılmalar olacaq. Bu, təbiidir. Lakin vətəndaşlar qaydalara əməl etməsələr, epidemioloji vəziyyət nəzərə alınaraq karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. Çünki bu infeksiyaya və onun fəsadlarına qeyri-ciddi yanaşmaq olmaz. Ola bilsin ki, əhalinin müəyyən qrupu COVID-19-un necə təhlükəli olduğunu tam anlamır. Bildirmək istəyirəm ki, koronavirus təhlükəli bir infeksiyadır və ona dırnaqarası münasibət göstərmək olmaz.
Bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib. Professor bildirib ki, dövlətin həyata keçirdiyi tədbirlər əhalinin sağlamlığına xidmət edir. Onun sözlərinə görə, ümumiyyətlə, səhiyyə qurumları tərəfindən profilaktik tədbirlər ilboyu, əks-epidemik tədbirlər isə epidemiyanın, pandemiyanın müşahidə olunduğu müddətdə aparılır.
“Ölkə başçısının gündəlik nəzarəti altında həyata keçirilən tədbirlər nəticəsində koronavirusla mübarizədə uğurlar qazanırıq. Bu, sevindirici bir haldır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də Azərbaycanda aparılmış bu tədbirlər digər ölkələrə nümunə göstərilir. Lakin təhlükə hələ də davam edir. İndiki vəziyyətdə hər şey vətəndaşların özündən asılıdır. Bu səbəbdən məhdudiyyətlərin bir qismi götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmalıdırlar. Virusa yoluxma sürətinin qarşısını almaq üçün mütləq kütləvi tədbirlərin yenə də təxirə salınması vacibdir. Pandemiya şəraitində heç bir kütləvi toplaşma hallarına yol vermək olmaz. Vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma hallarının sayı arta, ikinci dalğa başlaya, nəticədə çəkilən bu qədər zəhmət hədər gedə bilər. Xəstəliyə yoluxma sürəti çoxalarsa, şübhəsiz ki, məhdudiyyətlərin yenidən tətbiq olunması qaçılmazdır. Tətbiq edilən qadağalar, həyata keçirilən tədbirlər yalnız ölkə ərazisində epidemioloji salamatlığı qorumaq üçündür. Ona görə də vətəndaşları qoyulan qadağalara riayət etməyə səsləyirəm. İnfeksiya tamamilə aradan qaldırılandan sonra həyat öz axarına düşəcək”, - deyə İ.Ağayev diqqətə çatdırıb.
O qeyd edib ki, epidemiologiyada “gətirilmə xəstəliklər” termini var. Koronavirus da ölkəmizə xaricdən gətirilib. Hazırda demək olar ki, bütün ölkələrdə dövlət sərhədləri bağlanıb. Azərbaycanda da dövlət sərhədlərinin müəyyən müddət bağlanması infeksiyanın xaricdən idxalının qarşısını alacaq.
Baş epidemioloq, həmçinin deyib: “Ölkədə koronavirusla əlaqədar müəyyən dezinformasiyalar da yayılır. Əhalini onlara inanmamağa və rəsmi dövlət orqanların məlumatlarına istinad etməyə çağırıram. Hər kəsi vətəndaşların sağlamlığının qorunması üçün fasiləsiz fəaliyyət göstərən dövlət qurumlarının, xəstələrin müalicəsi ilə məşğul olan, 12 saata qədər əynindən qoruyucu kostyumları çıxarmayan həkimlərin zəhmətini hədər etməməyə səsləyirəm”.