İspaniyadakı azərbaycanlılar hərəkətə keçdi Hadisə

İspaniyadakı azərbaycanlılar hərəkətə keçdi

Bask vilayəti parlamentinə Qarabağ separatçıları ilə əlaqələrə son qoymağa çağıran müraciət ünvanlanacaq

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev San Sebastyan şəhərində Bask vilayətində yaşayan fəal azərbaycanlılarla görüşüb. Görüşə vilayətin Vittoriya və Bilbao şəhərlərindən də qatılanlar olub.
Altay Əfəndiyev diaspor fəallarına Bask vilayətinin parlamentində qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri"nin qəbul olunduğunu və nəticədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan sənədin müzakirəyə çıxarıldığını xatırladıb və Azərbaycanın İspaniyadakı səfirliyinin bununla bağlı atdığı addımlar barədə məlumat verib. Səfir azərbaycanlıları vilayətin ictimai həyatında daha fəal olmağa çağırıb.
Diaspor fəalları Bask vilayəti parlamentində məlum sənədin müzakirəsi haqqında dost gürcü diasporu vasitəsilə xəbərdar olduqlarını və dərhal bu barədə Azərbaycanın İspaniyadakı səfirliyinə məlumat verdiklərini bildiriblər.
Bu ilin noyabrında San Sebastyan şəhərində beynəlxalq mədəniyyət festivalı keçiriləcəyini deyən fəallar bu tədbirdə Azərbaycanı təmsil etmək üçün səfirlikdən dəstək istəyiblər. Səfir bunun üçün gərək olacaq dəstəyin göstəriləcəyini deyib.
Görüş zamanı aparılan müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, Bask vilayəti parlamentinə qondarma "Dağlıq Qarabağ Respublikası" ilə əlaqələrə son qoymağa çağıran yazılı müraciət qəbul olunsun. Diaspor fəalları belə bir müraciət üçün imza toplamağa hazır olduqlarını bildiriblər.