Qiymətlərə münasibət işgüzar olmalıdır Hadisə

Qiymətlərə münasibət işgüzar olmalıdır

Səfərov Məmməd Həbib oğlu
Lənkəran rayonu Kərgəlan kəndi


Ailələrimizin bir çoxunda məktəbə övlad yola salınarkən istər ata-ana, istərsə də digər yaxın qohumlar, istərsə də məktəbdə müəlimlər şagirddən yalnız bir şeyi tələb edir, ona bir şeyi təlqin edirlər: "Sən əlaçı olmalısan!" Buna, etiraf etmək lazımdır ki, xüsusilə valideynlərin gizli təkəbbürü, özünəvurğunluğu rəvac verir, lakin yaranmış vəziyyət uşaq psixikasına edilmiş ən təhlükəli təcavüzə çevrilir. Uşağa təhsil sistemi və ailə tərəfindən yalnız əlaçı olmaq təlqin edilir, lakin nə pedaqoqlarda, nə də ailədə heç bir əminlik yoxdur ki, o, bunun öhdəsindən, kobud şəkildə desək vəziyyətə mutasiya olunmadan gələ biləcək. Əslində formalaşmağa başlayan subyektdə ayrıca bir dərs tapşırığını icra edə bilməməklə, təlqin olunmuş "əlaçı olmalısan" tələbi tamamilə fərqli hisslərin, mübahisəli assosiyasiyaların yaranmasına səbəb olur. Ona görə də tərbiyə və təlim prosesində xüsusilə ehtiyatlı olmaq, təhlillərə arxalanmaqdan başqa təbii axara da inanmaq lazımdır. Uşağa yalnız yüksək qiymətlər almağı təlqin etmək doğru deyil. Bu heç də onun məktəbli həyatının əsasını təşkil etmir. Ancaq deyilənlər uşaqların təhsilinə laqeyd qalmağa çağırış kimi də qəbul olunmamalıdır. Sadəcə olaraq təhsil prosesi və qiymət almaq bir-birindən asılı olsalar da heç biri ayrı-ayrılıqda hökm xarakteri daşımamalıdır. Ola bilsin ki, şagirdlərin biliyinin qiymətləndirilməsinin mövcud çatışmazlıqları reallıq olaraq mövcudluğu ilə təhsil sisteminə özünün neqativ təsirini göstərir. Lakin 30-cu illərdə başlanan sovet təhsilində qiymətləndirilmə intizam xarakterinə, sadəliyinə görə müsbət mənada fərqlənir. Keçən dövr ərzində cəmiyyət bu şəkildə qiymətləndirilməyə öyrəşmiş və onu məktəbin simvoluna çevirmişdir. Pedaqoqların çağırışlarına baxmayaraq "2"-lər və "5"-lərdən daha səmərəli və humanist qiymətləndirmə formalarının axtarışı cəmiyyət tərəfindən, valideynlər tərəfindən və eləcə də məmurlar tərəfindən qəbul edilmir. Ola bilsin ki, bu bir qədər ağrılı əks təsir doğurur, lakin tam olaraq anlamlıdır. Belə ki, xüsusilə valideynlər sözün birbaşa mənasında övladlarının təlim prosesinə nəzarəti itirmək qorxusundan alternativ ola biləcək heç nəyi qəbul etmirlər. Ancaq bir, iki, üç, dörd, beş işıqfor siqnalları kimi: "iki" olanda cəza verməyə çalışırıq, "beş" olanda isə müxtəlif şirnilər və onların içindəki bizə yad oyuncaqlar və şəkillərə hədiyyə olaraq pul xərcləyirik. Uşaq qiymətlər meşəsinin arxasında heç görünmür də. Uşağın daxilində formalaşmaya başlayan vicdanı valideynin sərt tələbləri ilə vəhdət təşkil edən arzunu gerçəkləşdirmək istəyini üstələyir. Beləliklə uşaq nəyi isə öyrənməkdənsə daim öz göstəricilərini ətrafdakıların göstəriciləri ilə müqayisə etməyə başlayır. Əgər belə bir mühitdə şagird əlaçı olursa da valideynlər tərəfindən müəyyənləşdirilmiş çərçivələrə düşməkdən ötrü müəllimlər qarşısında yaxşı qiymətə görə daxilən sınır, sərbəstliyini itirir. O, yiyələndiyi hər şeyi qiymətə qurban verməyə hazır olur. Alçalır, müəllimlərinə yalvarır ki, onun üçün nənə və ya da təkəbbürlü ana tərəfindən yaradılmış məhdud çərçivədən çıxmamış olsun. Heç də təsadüfü deyil ki, məktəbdə belələrini sevmir, onları yaltaqlıqda günahlandırırlar. Təəssüflər olsun ki, bundan nə valideynin, ən vacibi isə nə də müəllimin qəti olaraq xəbəri olmur. Uşağın öz yaşıdları arasında mövqeyi onun inkişafı üçün daha önəmli olmasına baxmayaraq, bu amil diqqətdən tamamilə yayınır. İbtiadai siniflərdə əlaçı olmaq üçün təbiətdən gələn istedaddan başqa bir sıra digər spesefik xüsusiyyətlərə də malik olmaq vacibdir. Məkəb, dəfələrlə qeyd olunduğu kimi hər şeydən əvvəl intizam aşılayan bir ocaqdır. Burada hər şeydən əvvəl oturub dinləməyi bacarmaq təlqin olunur. Yazı yazmaq kimi məcburi öyrənməyə alışa bilməyən qaynar təbiətli oğlan uşağından daha çox ondan nə istədiklərini başa düşən, tələb olunanları məmnuniyyətlə yerinə yetirən, gözəl xətti olan qızcığaza birinci sinifdə bacarıqlı şagird olmaq daha asandır. Oğlan uşağının başı robotlarla, müxtəlif layihələrlə, qəhrəmanlıqlarla və ən nəhayət futbolla doludur. Orada başqa heç nəyə yer yoxdur. Bu aləmlə məktəb proqramı təəssüflər olsun ki, heç bir müqayisəyə sığmır. Lakin, bu o demək deyil ki, bu oğlan uşağı təhsildə müvəffəq ola bilməz. Çox güman ki, yuxarı siniflərdə vəziyyət dəyişəcək. Çünki yuxarı siniflərdə artıq get-gedə çalışqanlıq öz yerini intellektual bacarığa verir. Belə olur ki, formal göstəricilərə görə ortabab bir şagird birdən-birə hansısa bir sahəyə böyük bir maraq göstərərək mürəkkəb problem məsələlərin dərinliyinə varıb məktəbi bitirdikdən sonra uğurla respublikanın ən nufuzlu ali məktəbinə daxil olub, sonralar alim olur. Ancaq onun müəllimi buna inana bilmir. Əlbəttə ki, bu uşaqdan çox müəllimin bir pedaqoq kimi zəifliyinə dəlalət edir. Lakin elə də olur ki, təcrübəli pedaqoqlar şagirdin zəif dərs hazırlığına baxmayaraq onun gələcəyinə böyük ümid bəslədiklərini dönə-dönə qeyd edir və axırda haqlı da çıxırlar. Elə də olur ki, uşağın əsas bacarığı ümumtəhsil məktəblərinin nəzarət etmədiyi sahələrdə özünü bürüzə verir. Bu musiqi, teatr, futbol və ya digər bir sahə ola bilər. Onda uşağın gələcəyini bu sahələrdə axtarmaq və təhsilin istiqamətini yönəltməyi bacarmaq lazımdır. Deməli bu zaman şagird üçün əlaçı olmaq heç də məcburi olmur. Əlbəttə ki, əlaçı olmaq pis olmazdı, lakin vacib deyildir. Respublikada eksperiment kimi "9" bal sistemi ilə qiymətləndirmə bir neçə rayonda həyata keçirildi. Əksər pedaqoqlar bu qiymətləndirmə qaydasının üstünlüklərindən istifadə etməyi zəruri hesab edir və öz fəaliyyətlərində uğurla tətbiq edirdilər. Belə qiymətləndirmə müəllimə biliyin qiymətləndirilməsi üçün əlavə imkanlar yaradırdı. Ayrı-ayrı sahələr üzrə istedad sahiblərinin bacarığını üzə çıxarmaqdan ötrü əlverişli vasitə kimi dəyərləndirilirdi. Bilik və bacarıq, istedad və çalışqanlıq arasında fərq qoymağa şərait yaranırdı. Sərt "5" bal sistemindən fərqli olaraq "pis", "orta", "yaxşı", "əla" təbii qiymətləndirmə prinsipi genişləndirilərək "çox pis", "pis", "məqbul orta", "real orta", "yaxşı", "çox yaxşı", "əla" və "Əliyül əla" dərəcə göstəricilərindən istifadə etməyə imkan yaranırdı. Əlbəttə ki, istər yeni, istərsə də köhnə qiymətdəndirmə metodlarının bu və ya digər hallarda üstünlükləri vardır. Lakin bu nəticəni dəyişmir. Nəticə olaraq qeyd etmək olar ki, qiymətlərə münasibət işgüzar olmalıdır. Bəli, qiymətləri siqnal kimi qəbul etmək olar, lakin bu uşağın sonrakı taleyi üçün məhkəmə qərarı deyil. Qərarı müəllim və valedeyn qəbul edir. Qərar qəbul etdikdə isə "mənim uşağım riyaziyyatı deyil, ədəbiyyaı çox sevir" kimi qərarları da qəbul etmək doğru olmazdı. Demək olmaz ki, Səməd Vurğun riyaziyyatı bilmədiyi üçün şair olmuşdu. Əlbəttə ki, xeyr. Səməd Vurğun şeir yazdığı üçün şair idi. Ona şeir yazmağı qoymasaydılar güman ki, yaxşı heç nə baş verməzdi. Ona görə də dərslərindən pis qiymət alan uşaqları kompüterdən və ya futboldan məhrum etmək doğru deyil. Qiymətləndirmə həmişə subyektiv xarakter daşıyır. Uşaq hazırlıqlı ola bilər, lakin özünü pis apardığına görə pis qiymət də ala bilər. Və yaxud müəllim şagirdin bacardığından zəif cavab verdiyi qərarı ilə onun qiymətini azaldır. Belə də olur ki, şagirdin etibarlıq göstəricisi onun hazırlığına kölgə salır və o, "məqbul" qiymətləndirilmədən başqa heç nəyə ümid edə bilmir. Bundan başqa ləng uşaqlar da vardır ki, onlar suala dərhal cavab verə bilmirlər. Bu onların ümumi fəaliyyətinin xüsusiyyət göstəricisidir. Müəllim isə şagirdin hazır olmadığı qərarına gələrək ona "2" və ya "3" verir. Ancaq bununla belə şagird qabiliyyətli və dərsə hazırlığı ola bilər. Çox vaxt uşaq öz dərs göstəricilərini xəstəlikdən qabaq kəskin şəkildə pisləşdirir. Müəllim isə həmişə bununla hesablaşmır. Pis qiymət ciddi əsəb sarsıntısı yarada bilər. İbtidai sinifdə bir sinifdə oxuyanlar bir-birilərinə müəllimin münasibəti ilə yanaşırlar. Müəllimin münasibəti isə verilən qiymətlərdə özünü göstərir. Təsadüfü deyilldir ki, birinci sinifdə müəllimlərin qiymət vermək hüququ olmur. Ancaq müəllim bu istəyindən imtina edə bilmir və yaradıcılıqla müxtəlif şərti işarələrdən istifadə edir. Ancaq uşaq üçün bu elə qiymətləndirilmə deməkdir. Onlar bunu çox tez dərk edir və şərti işarələr arasındakı fərqi anlayırlar. Müəllim sadə qiymətləndirmə yolu ilə öz işini asanlaşdırır. Axı qiymət olmasa uşağın nədən başa düşmədiyini izah etmək lazım olur. Belə isə bir qiymətlə müəllim uşağı tam qiymətləndirir. Təsəvvür edin ki, sizin hazırlığınızı hər gün aşağı qiymətlə qiymətləndirirlər. Əfsuslar olsun ki, pis qiymət özünəqəsd yolunda sonuncu pillə rolunu oynayır. Bunu unutmaq olmaz.