Bakı-Sumqayıt istiqamətində xəttə əlavə avtobuslar verildi Hadisə

Bakı-Sumqayıt istiqamətində xəttə əlavə avtobuslar verildi

Bakı-Sumqayıt istiqaməti ilə hərəkət edən avtobusların sayı artırılıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, bu addım müşahidə edilən sıxlığın qarşısını almaq üçün atılıb: "Məlum olduğu kimi, müəyyən xidmət sahələrinin, iş yerlərinin açılması ilə əlaqədar olaraq, Bakı-Sumqayıt istiqamətində sıxlıq müşahidə edilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müşahidələrinə əsasən və sərnişinlərimizdən daxil olan müraciətləri də rəhbər tutaraq, sıxlığın aradan qaldırılması üçün bu gündən etibarən 525 saylı marşrut xətti üzrə avtobusların sayı 17-dən 21-ə çatdırılıb və pik saatlarda 4 iritutumlu avtobus cəlb olunub.
Sərnişinlərimizdən xahiş edirik ki, günün pik saatlarında Bakı-Sumqayıt istiqamətindəki yolda olan sıxlığı nəzərə alaraq, sosial izolyasiya qaydalarına əməl etsinlər və tibbi qoruyucu vasitələrdən istifadə etsinlər. Avtobusların obyektiv səbəbdən müəyyən qədər gecikməyini nəzərə alaraq sosial məsafəyə diqqət etsinlər və növbəti gələn avtobusu gözləyərək bir avtobusu çox yükləməsinlər".