Yayım zəncirini əsaslı şəkildə qırmaq üçün daha sərt tədbirlərə ehtiyac var -TƏHLİL Hadisə

Yayım zəncirini əsaslı şəkildə qırmaq üçün daha sərt tədbirlərə ehtiyac var -TƏHLİL

Ölkəmizdə COVİD-19 yeni növ koronavirusa yoluxma hallarının sürətlə artması hökuməti zəruri addımlar atmaq məcburiyyəti qarşısında qoydu və sərtləşdirilmiş karantin rejimi daha 2 həftə müddətinə uzadıldı. Əslində Operativ Qərargahın üzvləri virusun yayılma dinamikası, yoluxma hallarının artmasına imkan yaradan amillər üzrə təhlillər aparmaqla belə bir qərarın qəbul ediləcəyi ehtimalını daha öncədən irəli sürmüşdülər. Aparılan təhlillərin nəticələri və real mənzərə ən incə detallarına kimi şəffaf və ardıcıl bir şəkildə açıqlandığı üçün prinsip etibarilə, sərtləşdirilmiş karantin rejiminin uzadılacağı gözlənilirdi və Azərbaycan vətəndaşları da buna hazır idilər. Bu addımın mütləq çoxluq tərəfindən anlayışla qarşılanması və dəstəklənməsi belə bir qərarın qəbul olunmasını zəruri edən amillərin, real vəziyyəti əks etdirən faktların ictimaiyyətə dəqiq və təhrif edilmədən açıqlandığını, verilən mesajların hədəfə çatdığını və qəbul olunduğunu sübuta yetirir.
Şübhəsiz ki, sərtləşdirilmiş karantin rejiminin uzadılmasına fərqli yanaşmalar da var. Bu da təbii qəbul olunmalıdır. Daha doğrusu, belə yanaşmalar tutarlı arqumentlərlə müşayiət olunsaydı və real durumu, prosesin inkişaf dinamikasını, yoluxma hallarının artmasına zəmin yaradan obyektiv və subyektiv amilləri, insan faktorunu əks etdirsəydi, təbii qəbul oluna bilərdi. Amma təəssüf ki, sərtləşdirilmiş karantin rejiminin uzadılması ilə bağlı əks mövqe sərgiləyənlər, həyata keçirilən tədbirlərin sistemsizliyini, yumşalma ilə bağlı qərarın vaxtından tez qəbul olunduğunu iddia etdikləri halda virusun yayılmasının inkişaf dinamikasını səngitmək üçün heç bir alternativ həll variantı irəli sürmürlər. Onu da qeyd edim ki, eyni insanlar yumşalmadan öncə xüsusi karantin rejiminin həddindən artıq uzadıldığını vurğulayır, bunun ölkə iqtisadiyyatına, insanların psixikasına, sağlamlığına, sosial vəziyyətinə zərbə vurduğunu bildirirdilər. Karantin rejimi yumşaldıldı, məhdudiyyətlər aradan qaldırıldı, yoluxma halları təbii olaraq artdı və bu zaman “yumşalma tərəfdarları” tamamilə əks mövqedən çıxış etməyə başladılar. Və yenə də tutarlı arqumentlər irəli sürmədən, alternativ həll variantları təklif etmədən. Əslində bu qəbildən olan yanaşmaların əsas səbəbi hadisələrin inkişaf dinamikası və bütövlükdə pandemiya ilə bağlı yaddaşlarda baş verən “qısa qapanma”, geridə qalan qısa zaman kəsiyində COVİD-19 virusu ilə bağlı ölkəmizdə, regionda və dünyada cərəyan edən proseslərin bilərəkdən, yaxud bilməyərəkdən unudulmasıdır. Əvvəla unutmaq lazım deyildi ki, bəşəriyyət heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışdı və inkişaf səviyyəsindən asılı olmayaraq, dünyanın heç bir ölkəsi COVİD-19 kimi sürətlə yayılan, sərhəd tanımayan ölümcül bir virusla “üz-üzə gəlməyə” hazır deyildi.
Şübhəsiz ki, bəşəriyyətin elmə məlum olan tarixində çiçək, vəba, xolera, tif, vərəm, malyariya, qrip kimi yüzmilyonlarla insanın həyatına son qoyan pandemiyalar olub. Amma onların heç biri mövcud olduqları dövrlərin kommunikasiya imkanlarına uyğun olaraq, COVİD-19 qədər sürətlə yayılmayıb. Çox da uzağa getmədən, sadəcə qrip pandemiyaları ilə bağlı bəzi tarixi faktlara nəzər salaq: “İspan qripi” 1918-20-ci illərdə 50-100 milyon insanın həyatına son qoyub. 1968-69-cu illərdə “Honqonk qripi” 1 milyon insanın ölümünə səbəb olub. Onlardan 100 min nəfəri ABŞ-ın payına düşür.
Hər kəsin azacıq vaxt sərf etməklə əldə edə biləcəyi bu faktları xatırlatmaqda niyyətim əhali sayının günümüzlə müqayisədə dəfələrlə az olduğu, dünyanın qloballaşmadığı, bir ölkədən digərinə səfər etmək üçün günlərlə vaxtın sərf edildiyi, dövlətlər arasındakı əlaqələrin, iqtisadi fəallığın, kommunikasiya imkanlarının bu günümüzlə müqayisə edilməyəcək dərəcədə aşağı olduğu dönəmlərdə mövcud olan pandemiyaların heç bir müharibənin gətirmədiyi fəlakətlərə səbəb oluğuna diqqət çəkməkdir. Təbii ki, həmin dövrlərdə elmin və səhiyyənin indiki səviyyədə olmadığı arqument kimi irəli sürülə bilər. Amma nəzərə almaq lazımdır ki, son bir neçə il ərzində dövlətlər arasındakı əlaqələri intensivləşdirən kommunikasiya sistemləri elmdən və tibbdən dəfələrlə çox və sürətlə inkişaf edib. COVİD-19 pandemiyası isə sübuta yetirdi ki, sözügedən sahələrin paralel şəkildə inkişaf etdirilməməsi bütün bəşəriyyət üçün kifayət qədər ciddi təhlükə yarada bilər.
Düşünürəm ki, yuxarıda nümunə gətirdiyim tarixi faktlar və apardığım müqayisələrlə COVİD-19 təhlükəsinin tamamilə yeni çağırışlara səbəb olduğu və dünyanın heç bir ölkəsinin bu çağırışların qarşısına hazır reseptlərlə çıxmaq gücündə və imkanında olmadığı barədə real mənzərəni əks etdirən təəssürat yarada bildim. Bu baxımdan, Çin, ABŞ, İtaliya, İspaniya, Rusiya, İran və koronavirusun mövcud olduğu bütün digər ölkələr kimi Azərbaycanın da pandemiyaya qarşı “hazır reseptləri” və təcrübəsi yox idi. Bu təcrübə bütün dünyada olduğu kimi Azərbaycanda da zamanla, aparılan müşahidələr və təhlillər, öncədən proqnozlaşdırılması mümkün olmayan, proses ərzində ortaya çıxan problemlərin həlli istiqamətində atılan addımlar nəticəsində qazanıldı.
COVİD-19 virusu ilə mübarizə prosesini və həyata keçirilən tədbirləri qiymətləndirərkən, olduqca mühüm bir məqamın nəzərə alınmasını da vacib hesab edirəm. Unutmaq lazım deyil ki, virusun yayılma dinamikası və ən yüksək həddə çatması dünyanın demək olar ki, bütün ölkələrində fərqli dönəmlərə təsadüf edir. Əslində yüksək həddin özü də, virusun növbəti dalğalarının ola biləcəyi barədə ehtimallar nəzərə alınarsa, nisbi xarakter daşıyır. Amma bu nisbiliyin özündə belə ölkələr üzrə yoluxma dinamikası, sönmə və yenidən alovlanma prosesi ilə bağlı müəyyən müqayisələr aparmaq mümkündür. Çindən başlayan dalğa Avropada, xüsusilə də İtaliya, İspaniya və Fransa kimi ölkələrdə, Yaxın Şərqdə, o cümlədən İranda, ABŞ-da, Türkiyədə, Rusiyada tamamilə fərqli zaman kəsiklərində yüksəlməyə başladı. Məsələn, İtaliya, İspaniya, Fransa və Qərbi Avropanın bir sıra ölkələrində yoluxma hallarının yüksək həddə çatması ABŞ-dan və bir sıra digər ölkələrdən daha tez baş verdi. Və bütün bu ölkələr məhz virusa yoluxma hallarının inkişaf dinamikasına uyğun olaraq sərt, yaxud yumşaldıcı tədbirlər həyata keçirməyə başladılar. Bu baxımdan, Azərbaycan hökumətinin hadisələrin inkişaf dinamikasına uyğun qərarlar qəbul etməsi də digər ölkələrdə olduğu kimi tamamilə təbii qəbul olunmalıdır.
Bəs bu zaman ərzində biz nə qazandıq? İlk növbədə VAXT! Xüsusi karantin tədbirlərinin gerçəkləşdirildiyi və yoluxma hallarının nisbətən aşağı olduğu dönəmdə, ölkənin səhiyyə sistemini, iqtisadiyyatını, bütövlükdə ölkə həyatının bütün sahələrini pandemiya ilə mübarizə platforması üzərində yerləşdirməyi, cəmiyyəti hadisələrin gedişatı ilə bağlı ən müxtəlif ssenarilərə hazırlamağı bacardıq. Bu müddət ərzində ölkədə tibbi maska, eləcə də digər ləvazimat və geyimlər, dezinfeksiya, sanitariya-gigeyina və digər bu kimi məhsullar istehsal edən müəssisələr yaradıldı, xəstəxanalar inşa edildi, ölkəyə koronavirusu aşkarlayan testlər, süni nəfəs aparatları gətirildi, iqtisadiyyatın tənəzzülünü önləmək, milli valyutanın dayanıqlılığını qorumaq üçün tədbirlər həyata keçirildi, kütləvi psixozun, ajiotajın yaranmaması üçün bir sıra önləyici və istiqamətləndirici addımlar atıldı, pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən xüsusi karantin rejiminin tətbiqi, qaydalara əməl olunması, cəmiyyətdə süni təşviş yarada biləcək halların qarşısının alınması üçün hüquqi baza formalaşdırıldı, konsepsiyalar hazırlandı və həyata keçirilməsinə başlanıldı. Həyata keçirilən bütün tədbirlərin, görülən işlərin təfərrüatına varmaq istəmirəm. Bütün bunlar ən qısa bir zamanda, cəmi 4 ay ərzində və gözümüzün önündə reallaşdırılıb.
Sərtləşdirilmiş karantin rejimlərinə yenidən qayıdılması isə olduqca normal bir haldır və bütün dünyada tətbiq edilir. Məlum olduğu kimi, Çində, virusun yayılmağa başladığı Uxan şəhərində deyil, ölkənin paytaxtı Pekində COVİD-19-a yeni yoluxma hallarının aşkarlanması nəticəsində olduqca sərt karantin tədbirləri həyata keçirilir. Pekinin Fentay rayonunda hərbi vəziyyət elan olunub. Yüzminlərlə insanın yaşadığı 6 mikrorayon dəmir hasarlarla əhatə olunub və sakinlərin giriş-çıxışı qadağan edilib. Pekini isə yalnız testdən keçdikdən və müvafiq arayış əldə etdikdən sonra tərk etmək mümkündür.
Argentinanın bir sıra şəhərlərində, o cümlədən paytaxt Buenes-Ayresdə sərt karantin rejimi iyulun 17-dək uzadılıb. Peruda və Tailandda fövqəladə vəziyyət rejimi iyulun 31-dək davam edəcək. Serbiya mayın 7-də ləğv etdiyi fövqəladə vəziyyət rejimini virusa yoluxma hallarının artması səbəbindən dünəndən etibarən yenidən bərpa edib. Tətbiq olunan məhdudiyyətlər isə daha da sərtləşdirilib.
Qeyd edim ki, İsrail parlamenti də iyulun 1-də fövqəladə hallar haqqında qanuna dəyişiklikləri qəbul edib. Dəyişikliklərə əsasən, İsraildə fövqəladə vəziyyət rejimi 45 gün uzadılacaq və xüsusi karantin tədbirləri daha da sərtləşdiriləcək.
Bu siyahını kifayət qədər uzatmaq, xüsusi və sərtləşdirilmiş karantin tədbirlərini, fövqəladə hal rejimlərini yenidən bərpa edən ölkələrin adını bir-bir sadalamaq olar. Lakin buna ehtiyac olmadığını düşünürəm. Çünki məqsədim yoluxma hallarının yenidən artması səbəbindən məhdudiyyətləri bərpa edən, yaxud daha da sərtləşdirən ölkələrin adlarını sadalamaq deyil, vəziyyətin bütün dünyada nə qədər təhlükəli olduğunu, məhdudiyyətlərin COVİD-19-un yayılma dinamikasına uyğun olaraq tətbiq olunduğunu dəyərli oxucuların diqqətinə çatdırmaqdır. Bütün dünya pandemiya ilə mübarizə aparır, iqtisadi tənəzzülün qarşısının alınması, böhranın daha da dərinləşməməsi üçün çoxsaylı tədbirlər həyata keçirir, insanların ölümcül COVİD-19 virusunun qurbanına çevrilməmələri üçün sərt məhdudlaşdırıcı addımlar atır. Azərbaycan da dünyanın bir parçasıdır. Amma bir çox ölkələrdən fərqli olaraq, bizim üçün ön sırada, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi insanların sağlamlığı dayanır. Ölkəmizdə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi, hədəfi yalnız və yalnız Azərbaycan vətəndaşlarının həyatının, sağlamlıqlarının qorunmasıdır. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti də bu tədbirlərin mahiyyətini yaxşı başa düşür və dəstəkləyirlər.
P.S. Qarşıda bizi olduqca mühüm, hər birimiz üçün həyati əhəmiyyət kəsb edən dönəm gözləyir. Bir dəfə daha ciddi məhdudiyyətlərə gedib zənciri qırmağa, yayılma təhlükəsini aradan qaldırmağa ehtiyac var.
Qaydalara əməl etməklə, maksimum məsuliyyətli davranmaqla təhlükəni geridə buraxa, gözəgörünməz düşmən üzərində layiqli qələbəmizi qeyd edə bilərik.
Qoy bu yolda səbr, qətiyyət, dözüm yol yoldaşımız, Tanrı isə yardımçımız olsun!
Elçin Mirzəbəyli