Azərbaycan İlahiyyat İnstitutunda “Tarixi və dini baxımdan İslamda Qurban ibadəti” mövzusunda vebinar keçirilib - FOTO Hadisə

Azərbaycan İlahiyyat İnstitutunda “Tarixi və dini baxımdan İslamda Qurban ibadəti” mövzusunda vebinar keçirilib - FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tarixi və dini baxımdan İslamda Qurban ibadəti” mövzusunda vebinar keçirilib.

Aİİ-dən bildirilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələr iştirak ediblər.

Aİİ-nin rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov vebinar iştirakçılarını salamladıqdan sonra, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbriklərini çatdırıb. Rektor son günlər Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrə toxunaraq, ermənilərin mənfur niyyətlərinin həyata keçmədiyini vurğulayıb. A.Şirinov şəhid olanların xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib.

Builki Qurban bayramının pandemiya dövrünə təsadüf etdiyini vurğulayan rektor istər qurban kəsimi, istərsə də Bayram namazı və bayramlaşma zamanı xüsusi karantin rejiminin qaydalarına və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə riayət etməyə səsləyib.

“Tarixi və dini baxımdan İslamda Qurban ibadəti” mövzusunda çıxış edən fəlsəfə üzrə fəlsəfə doktoru Ə.Niyazov bayram haqqında ətraflı məlumat verib. Qurban bayramının tarixi əhəmiyyətindən bəhs edən Ə.Niyazov bildirib ki, İslamdan əvvəl də qurbankəsmə mərasimi bütün ilahi dinlərdə mövcud olub.

Ə.Niyazov daha sonra İslam dininin müxtəlif məktəblərində Qurban hökmləri haqqında təfsilatlı məlumat verərək bildirib ki, bu bayram müsəlmanları birləşdirir, onları gözəl niyyətlər və xeyirxah əməllərə sövq edir. O, həmçinin, qurban kəsimində xüsusi karantin rejiminin qaydalarına əməl etməyin həm bəşəri, həm də dini baxımdan zəruri olduğunu vurğulayıb.

Vebinar maraqlı müzakirələrlə və suallarla davam edib.