150 ceyran tarixən məskunlaşdıqları ərazilərə buraxılıb Hadisə

150 ceyran tarixən məskunlaşdıqları ərazilərə buraxılıb

Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər sırasında ceyran növünün tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi layihəsinin icrası davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2010-cu ildən icrasına başlanılmış "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilməkdədir. Bu layihə çərçivəsində artıq 2010-2014-cü illər ərzində 150 baş ceyran tarixən məskunlaşdıqları ərazilərə buraxılıb. Belə ki, Qobustan-Cəngiçay, Acınohur düzü, Ağgöl Milli Parkı, Korçay Dövlət Təbiət Qoruğu və Gürcüstanla sərhəd ərazilərində ceyranların yerləşdirilməsi tədbirləri həyata keçirilib, onlardan bir neçə erkək fərdin boynuna siqnalötürücü xaltalar bağlanılıb və peyk vasitəsilə izlənilir. Qobustan-Cəngiçay vadisinə buraxılıb və boynuna siqnalötürücü xalta salınan ceyranlardan daxil olan siqnallar izlənilərkən ceyran fərdlərindən birinin hərəkətsizliyi müşahidə olunub və əraziyə baxış zamanı həmin ceyranın canavarlar tərəfindən məhv edildiyi, yerində xalta ilə skeletin qaldığı müəyyən edilib. Ceyranların tarixi arealı hesab olunan Qobustan-Cəngiçay ərazisində Dövlət Təbiət Yasaqlığının yaradılması mütəxəssislər tərəfindən məqsədəmüvafiq sayılıb, bununla bağlı nazirlik tərəfindən torpaq ayırma sənədlərinin hazırlanması üçün lazımi işlər görülərək aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırılıb. Ərazidə yasaqlıq yaradılması ilə bağlı torpaq istifadəçiləri ilə ilkin razılaşma əldə edilməsinə baxmayaraq, müvafiq qurumlar tərəfindən bu ərazilərin qış otlaq sahələri kimi istifadə olunduğu əsas gətirilərək yasaqlığın yaradılması məqbul hesab edilməyib. Halbuki qanunvericiliyə əsasən əraziyə yasaqlıq statusunun verilməsi torpaq üzərində mülkiyyət hüququnu dəyişmir və yalnız bu ərazilərdə ceyranların mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Bununla belə, ceyranların mühafizəsi məqsədilə sözügedən ərazilərin torpaq istifadəçilərindən, yerli icma nümayəndələrindən, fermerlərdən, xüsusən çobanlardan ceyranların mühafizəsi və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə müvafiq iltizamlar alınıb, brakonyerliyin qarşısının alınması üçün müvafiq ictimai qruplar təşkil edilib, maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilib. Aparılan müşahidələr göstərir ki, Gürcüstan Respublikasına buraxılmış ceyranların bir hissəsi isə artıq Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən Ceyrançöl adlanan ərazisinə doğru miqrasiya edib. Bu məlumatlar da siqnalötürücü xalta daşıyan ceyran fərdlərindən gələn siqnallardan alınıb. Araşdırmaların nəticələrinə görə, sözügedən ərazilərdə məskunlaşma prosesi keçən ceyranların erkək fərdləri mütəmadi olaraq yaşayış üçün uyğun hesab etdikləri areallara miqrasiya edir, özləri ilə dişi ceyran sürülərinin də həmin ərazilərə miqrasiyasına şərait yaradır. Hazırda içərisində boynuna siqnalötürücü xalta bağlanmış ceyran fərdləri olan 5 sürünün hər birindən (Korçayda 1 sürü, Acınohurda 2 sürü, Gürcüstanda 2 sürü) siqnallar alınır və tarixi ərazilərinə qaytarılmış bütün ceyran sürülərində təbii artım müşahidə olunur. Bu tədbirlər ölkə ərazisində və bütünlüklə regionda davamlı ceyran populyasiyasının formalaşmasına və artımına təkan verib.