Ankarada II Teoloji simpozium keçirilib Hadisə

Ankarada II Teoloji simpozium keçirilib

Azərbaycanlı alim Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları Türkiyənin paytaxtı Ankara şəhərində "Düşünbil" dərgisinin təşkil etdiyi II Teoloji simpoziumda iştirak ediblər. Bu barədə Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Fəttahlı məlumat verib. Onun sözlərinə görə, tədbirə bir neçə ölkənin elm adamları qatılıblar.
"Din: idarəetmə və inanc mənbəyi kimi" adlı məruzə ilə çıxış edən F.Fəttahlı Azərbaycanda dini tolerantlıq şəraitində əməkdaşlıq və inkişaf perspektivləri, İslam dinində inanc məsələsi, müasir dünyada dindən təsir vasitəsi kimi istifadə edilməsi meylləri, dini separatizmin dağıdıcı təsirləri kimi aktual mövzulara toxunub. Alim simpoziumda Ermənistanın İslam dünyasının bir parçası olan Azərbaycana qarşı işğalçılıq siyasətini, terrorun vətəni olmadığı kimi onun dini inancla da bağlı olmadığını qeyd edib.
Simpoziumda həmçinin elmi əməkdaşlığın gələcək perspektivləri, alimlərin öz əsərlərində dini separatizmi doğuran meyllərə, habelə, din pərdəsi altında vandalizmə tutarlı cavab verilməsi kimi məsələlər müzakirə edilib.