Gürcü dini icma sədri: Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin atəşə tutulmasını qətiyyətlə pisləyirik Hadisə

Gürcü dini icma sədri: Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin atəşə tutulmasını qətiyyətlə pisləyirik

Qəhrəman Azərbaycan Ordusunun Qarabağ cəbhəsində əldə etdiyi hərbi uğurlar hər birimizi ürəkdən sevindirir. Cəbhədən gələn qələbə xəbərlərini böyük həvəslə izləyirik. Azərbaycanın qəhrəman əsgərlərinin əks-həmlə hücumuna heç cür tab gətirə bilməyən, döyüş meydanında bir-birinin ardınca məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və kəndləri, o cümlədən Gəncəni, Mingəçeviri və digər əraziləri raket atəşinə tutması, dinc əhalini qətlə yetirməsi, yaralaması heç bir müharibə qanunlarına uyğun gəlmir. Biz, Qax rayonunda yaşayan gürcü xalqının nümayəndələri erməni faşistlərinin törətdiyi bu təxribatçılıq əməllərini qətiyyətlə pisləyirik.

Bu sözləri bölgə müxbirinə müsahibəsində Qax rayonunun Qaxingiloy kənd “Müqəddəs Georgi” kilsəsinin gürcü-pravoslav xristian dini icmasının sədri İaqo Kasiaşvili söyləyib.

Azərbaycan xalqını bu haqq işində hər zaman dəstəklədiklərini vurğulayan dini icma sədri deyib: “Azərbaycan burada yaşayan azsaylı xalqların da doğma vətənidir. Biz bu torpaqda doğulub boya-başa çatmışıq. Azərbaycan və gürcü xalqları əsrlər boyu mehriban dostluq şəraitində yaşayıblar. Aramızda heç zaman kin, ədavət olmayıb. Ermənistan isə ta qədimdən öz qonşularına qarşı ərazi iddialarında olub, nifaq salıb. Erməni qaniçənləri 30 ilə yaxındır ki, Azərbaycanın 20 faizlik ərazisini, Qarabağ bölgəsini işğal altında saxlayırlar. Azərbaycan xalqının səbri artıq tükənib, torpaqların işğaldan azad olunması uğrunda mübarizəyə qalxıb. Ölkənin tam hüquqlu vətəndaşı olaraq, biz də bu mübarizədə daim Azərbaycan xalqının yanındayıq. İnanırıq ki, işğal altında olan torpaqlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə azad olunacaq, ölkəmizin ərazi bütövlüyü tam təmin olunacaq.