Türkdilli Ölkələrin və Toplumların IV Media Forumu keçirilib Hadisə

Türkdilli Ölkələrin və Toplumların IV Media Forumu keçirilib

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən Türkdilli Ölkələrin və Toplumların IV Media Forumu başa çatıb. Noyabrın 15-dən 17-dək davam edən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunub. Ə.Amaşovla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun, MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifovanın, "Zaqatala" qəzetinin baş redaktoru İbrahim İbrahimovun daxil olduğu nümayəndə heyəti öncə ŞKTC-nin yaranmasının 31-ci ildönümü ilə bağlı bayram tədbirində də iştirak edib.
Forumun açılışında Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu, Türkiyənin Mətbuat və İnformasiya Baş İdarəsinin rəhbəri Murat Karakaya, Türkiyə baş nazirinin müavini Bülənt Arınc, Türkiyə Böyük Millət Məclisinin rəhbəri Cəmil Çiçək çıxış edərək türk ölkə və toplumlarının bir-biriləri ilə qarşılıqlı münasibətlərinin gücləndirilməsində medianın daşıdığı önəmi vurğulayıblar. Mövcud xüsusda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin əhəmiyyətindən söz açıblar.
"Türkdilli ölkələrin və toplumların aktual problemlərinin həllində medianın rolu" mövzusunda keçirilən IV Forum 4 iclasdan ibarət olub. Birinci iclasda türkdilli ölkələrin və toplumların aktual problemlərinə medianın yanaşması məsələləri ətrafında məruzələr edilib, müzakirələr aparılıb. Bu baxımdan beynəlxalq konfliktlərin mediada yer almasına, Kipr böhranı və media, Ukraynada yaşanan proseslərdə Krım türklərinin mövqeyinin kütləvi informasiya vasitələrində işıqlandırılmasına, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin türkdilli mediada təbliği reallıqları ətrafında diskussiyalara geniş yer verilib.
Əflatun Amaşov türkdilli ölkələrin və toplumların problemlərinin həllinə medianın nə kimi kömək göstərməsi ilə bağlı çıxış edib. Bu mövzuda iclasa sədrlik edən Əflatun Amaşov ötən üç il müddətində Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin gördüyü işlərdən söz açıb. O, çıxışında texnoloji yeniliklərin formalaşdırdığı yeni medianın ortaq dəyərlərin təbliğindəki rolu üzərində dayanıb. "İndiki Avropa Birliyi bir model kimi hazırda quruma üzv olan dövlətlərin siyasətində uzun müddətli hədəf halına gəlməzdən öncə düşüncələrdə təşəkkül tapmış, çeşidli kitablar vasitəsilə cəmiyyətə yeridilmişdi. Türk birliyi məsələsi isə məhz vahid konsepsiyasızlıqdan zaman-zaman ideoloji fazaya qədəm qoya bilməmiş, nəticə etibarilə türklərin toplum olaraq dünya düzəninə təsiri aktuallaşmamışdı. Hesab edirəm ki, keçirdiyimiz bu forumlar dünyaya türk birliyi mesajının verilməsi baxımından önəmlidir və bu işdə hazırda onlayn medianın imkanlarından yararlanmaq vacibdir", - deyən MŞ sədri fikrinə aydınlıq gətirib.
Forumun üçüncü iclasında iştirakçılar türk dünyasının görkəmli şəxsiyyəti İsmayıl bəy Qaçpıralının ortaq türk dəyərlərinin təbliği ilə bağlı fəaliyyətindən söz açıblar. Bu iclasda həmçinin türkdilli ölkələrin hökumət və dövlət səviyyəsindəki əlaqələrinin gücləndirilməsində medianın daşıdığı missiyaya diqqət yetirilib, bir sıra konkret məqamlara toxunulub.
Forumun dördüncü iclasında türkdilli media orqanlarının peşəkarlığı məsələləri müzakirə olunub. Mövcud xüsusda əməkdaşlığın dərinləşdirilməsi vacibliyi önəm çəkilib.
Toplantıda həmçinin ölkəmizin nümayəndə heyətindən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da məruzə edib. O, qlobal siyasi proseslərdə türk dünyasının yeri və rolana toxunaraq türkdilli ölkə və toplumlara məxsus media orqanlarının qlobal rəqabət müstəvisindəki daşıdığı funksiyasının müxtəlif aspektlərini şərh edib, bir sıra nümunələr üzərində dayanıb.
Forumda "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bir neçə dəfə söz alaraq, Krım məsələsi, Dağlıq Qarabağ problemi, qondarma erməni soyqırımı və digər məsələlərlə bağlı öz fikirlərini bildiriblər.
Elçin Mirzəbəyli Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini, lakin ərazi bütövlüyü prinsipinə münasibətdə Qərbin ikili standartlardan çıxış etdiyini vurğulayıb. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru qeyd edib ki, bu gün Ukraynada baş verən aqressiv separatizm hərəkatının əsası Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda qoyulub: "Krım problemi və Ukraynada baş verən hadisələr dünyanın aparıcı güclərinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı nümayiş etdirdikləri riyakar mövqe və beynəlxalq hüququn ayaqlar altına atılması nəticəsində ortaya çıxıb. Burada çıxış edənlər Rusiyanın Ukraynanın ərazi bütövlüyünə zəmanət verdiyini, lakin buna baxmayaraq imzaladığı anlaşmaya xilaf çıxaraq Krımı işğal etdiyini vurğuladılar. Lakin qeyd etmədilər ki, nüvə silahından imtina müqabilində Ukraynanın ərazi bütövlüyünə təminat verən təkcə Rusiya deyil. Həmin anlaşmanı Rusiya ilə yanaşı Böyük Britanıya və ABŞ da imzalayıblar. Əgər Rusiya işğalçıdırsa, Britaniya və ABŞ da simazsız və qorxaqdırlar".
Elçin Mirzəbəyli bildirib ki, bu gün Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya sanksiya tətbiq edən dövlətlər BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası istiqamətində bir addım belə atmayıblar: "Məhz bu səbəbdən, bu gün baş verən hadisələrə kimlərinsə maraqları çərçivəsindən deyil, beynəlxalq hüquq müstəvisindən yanaşılmalıdır".
"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə öz çıxışında türkdilli ölkələrin bütün media qurumlarını qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı hazırlanan təxribatlara qarşı birgə hərəkət etməyə çağırıb.
Qeyd edək ki, Türkdilli Ölkələrin və Toplumların IV Media Forumu türkdilli ölkələrin və toplumların yaşadıqları 21 ölkədən 250-yə yaxın media nümayəndəsi iştirak edib. Toplantıda qarşıdakı forumların türk dünyasının önəmli şəxsiyyətlərindən birinə həsr olunması qərara alınıb. Bu baxımdan V forumun Əli bəy Hüseynzadəyə həsr olunması məqsədəuyğun sayılıb. Toplantıda həmçinin Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin türk xalqlarının ortaq problemləri ilə əlaqədar dünyanın media ictimaiyyətinə müraciət ünvanlaması barədə razılığa gəlinib. Mövcud xüsusda Dağlıq Qarabağ münaqişəsinin, habelə İraqda və digər bölgələrdə türk xalqlarının üzləşdikləri durumun daha effektiv şəkildə beynəlxalq aləmə çatdırılmasının zəruriliyi vurğulanıb.

XC