Vətəndaşlıq alanlar and içəcəklər Hadisə

Vətəndaşlıq alanlar and içəcəklər

Bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavə ediləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, komitə sədri Əli Hüseynli bildirib ki, gündəlikdə Miqrasiya və İnzibati Xətalar məcəllələrinə, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "İnformasiya əldə etmək haqqında" və "Dövlət qulluğu haqqında" qanunlara əlavə və dəyişikliklərin müzakirəsi var.
Bildirilib ki, Miqrasiya Məcəlləsinə yeni fəsil əlavə edilir. Əlavə edilən fəsil əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi, o cümlədən saxlanılması ilə bağlı yeni qaydaların formalaşdırılması ilə bağlıdır.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər isə hərbi qeydiyyat və hərbi çağırışlarla əlaqədar inzibati sanksiyaların artırılması ilə bağlıdır.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna edilən əlavəyə görə isə Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslərin Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacaqları barədə and içməsi təklif olunur.
"İnformasiya əldə etmək haqqında" qanuna edilən əlavəyə görə, fərdi məlumatlar siyahısına "maliyyə əməliyyatları barədə məlumatlar" daxil etmək təklif olunur. "Dövlət qulluğu haqqında" qanunda isə texniki dəyişikliklər əksini tapıb.
Müzakirələrdən sonra layihələr plenar iclasa tövsiyə olunub.