Məsciddə donuz saxlanılması faktı erməni vandalizmini bir daha təsdiqləmiş oldu - Mübariz Qurbanlı Hadisə

Məsciddə donuz saxlanılması faktı erməni vandalizmini bir daha təsdiqləmiş oldu - Mübariz Qurbanlı

Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən birini də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələri, o cümlədən tarixi-dini abidələrini məhv edilməsi, o cümlədən onların tarixinin saxtalaşdırılması, özününküləşdirilməsi təşkil edir. Bunun nəticəsi olaraq, 30 ilə yaxın müddətdə əzəli torpağımız Qarabağdakı varlığımızın, milli kimliyimizin maddi sübutları olan minlərlə tarixi abidəmiz dağıdılıb, milli-mədəni dəyərlərimiz təhqirə məruz qalıb.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, son günlər düşmən işğalından azad edilmiş Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü, müqqəddəs məkanda donuz saxlanılması faktı erməni vandalizmini bir daha təsdiqləmiş oldu:

“Azərbaycanın maddi-mədəni və tarixi irsinə istiqamətlənmiş erməni vəhşiliyi bəşər mədəniyyətinə qarşı təcavüz olmaqla yanaşı, həm də bütün müsəlman dünyasına qarşı edilən cinayət və təhqirdir. Sözügedən fakt müsəlman ölkələri və xalqlarına yönəlik çirkin əmələ çevrilmiş islamofob meyillərin bariz göstəricisidir. İlahi dinlərin hər birində məbəd dağıtmaq böyük günah hesab edilir. Görünən odur ki, dini öz çirkin məqsədləri üçün bayraq edən ermənilərin etdiyi insanlıq əleyhinə cinayətlər heç bir dinin humanist prinsiplərinə uymur.

Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan dövləti məsuliyyət daşıyır.

Erməni işğalçılarının bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı beynəlxalq təşkilatlar, böyük dövlətlər, xüsusilə müsəlman ölkələri səviyyəsində kifayət qədər layiqli münasibət bildirilmir. Bir çox hallarda bu prosesləri görməməzliyə vururlar, ən yaxşı halda isə sükutla üzərindən keçirlər. Bütün cəhdlərinə baxmayaraq, ermənilər tarixin yazısını dəyişdirə bilməyəcəklər. Çünki gerçək tarix yalnız həqiqətdən keçir, həqiqət isə birdir: Qarabağ Azərbaycanın tarixi torpağı, ayrılmaz tərkib hissəsidir. Bu gün tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan dövləti illərdir bütün dünyanın göz yumduğu bu vandalizmə son qoyaraq torpaqlarımızı işğaldan azad edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, xilas olan məbədlərimiz bərpa olunacaq və məscidlərimizdə azan səsi eşidiləcək”.