“Peyvənddən sonra özümü sakit və rahat hiss etdim” Hadisə

“Peyvənddən sonra özümü sakit və rahat hiss etdim”

El arasında bir söz var, deyərlər ki, topuğuna çıxan sudan qorx. Bu sözdə bir hikmət də var. Bəzən ən kiçik, ən xırda şeylərdən böyük təhlükə yaranır. Bir ildir ki, dünyanı cənginə alan, qorxulu kabus kimi onun başı üstünü kəsdirən virus çox kiçik, gözlə görünməyən hissəciklərdir. Di gəl ki, onun törətdiyi fəsadlar, vurduğu ziyan, həyatımıza gətirdiyi narahatlıqlar ölçüyəgəlməzdir. Ona görə də onu hesaba almamaq, yaxud ciddi əhəmiyyət verməmək qətiyyən məsuliyyətli yanaşma deyil. Bir təhlükə ki, dünyanın super dövlətlərinin iqtisadiyyatına böyük məbləğdə ziyan vurur, iri şəhərlərin küçələrini boşaltmaq qüdrətinə malikdir, hamını evə qapanmağa məcbur edir, nəhəng müəssisələrin qapısından qıfıl asılmasına səbəb olur, həyatımızı iflic edir, onunla necə hesablaşmayasan?
Bu fikirləri Mərkəzi Kliniki Xəstəxananın həkim-infeksionisti Xatirə Əliyeva bildirib.
O, söhbətinə davam edərək deyib: “Bizim peşəmiz elədir ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının istər xəstəlik zamanı, istər sağalandan sonra onun orqanizmə vurduğu ziyanı yaxşı dərk edirik. Təkcə COVID infeksiyası deyil, digər infeksion xəstəliklər zamanı da yeganə bir yol var ki, o da vaksinasiyadır. İndi şükürlər olsun ki, vaksinlər tapılıb, ölkəmizə də gətirilməsi təmin edilib. Bizə bircə o qalır ki, canımızın sağlamlığı naminə, sabah həm özümüzü, həm də ətrafımızdakıları təhlükə ilə üz-üzə qoymamaq üçün peyvənd olunaq. Peyvənd vurdurmamışdan əvvəl qanda anticisimlərin səviyyəsini yoxlatdım və müayinə onun miqdarını 0,17 göstərdi. Bu, çox aşağı göstəricidir, yəni istənilən an virusa yoluxmaq təhlükəsi var. Ona görə də lap birincilər sırasında peyvənd olunmuşam. Bu həftə peyvəndin ikinci dozasını da vurduracağam. Baxmayaraq ki, bir qədər allergiyaya meylliliyim var, peyvənd olunandan sonra özümü çox normal, sakit və rahat hiss etdim. Başqa cür də ola bilməz. Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi sınaqlardan uğurla keçmiş və effektivliyi yüksək olan vaksindir. Həkim və tibb işçilərinin birincilər sırasında peyvənd olunmağının bir rəmzi mənası da var. Bu məqamda sağlamlıq keşikçilərinin bu tədbirin önündə olması həm də şəxsi nümunə xarakteri daşıyır. Yenə deyirəm: pandemiya elə bir təhlükədir ki, ondan xilas olmağın ən kəsə yolu budur. İndi biz oturub nə virusun mutasiyaya uğrayıb zəifləməsini, nə də əhlinin çox böyük bir hissəsinin virusa yoluxaraq immunitet qazanmasını gözləyə bilmərik. Ona görə də peyvənd olunmağın alternativi yoxdur. Necə deyərlər, haray bəri başdan. Əvvəla, bununla özümüzü ilk növbədə yoluxmaq təhlükəsindən qoruyuruq, bəd ayaqda lap yoluxacağımız təqdirdə onun yüngül ötüb keçməsini təmin etmiş oluruq. Peyvənd kampaniyası başlayan ilk gündən də hamıya deyirəm və başa salmağa çalışıram ki, heç bir şübhəli fikirləri yaxına buraxmadan, heç bir tərəddüdsüz vaksin olunmaq lazımdır və hər birimizin və bütövlükdə bəşəriyyətin nicatı yalnız bundan ibarətdir”.