Bakıda muzdlu işçilərin sayı 860 minə yaxınlaşıb Hadisə

Bakıda muzdlu işçilərin sayı 860 minə yaxınlaşıb

Ötən il Azərbaycanda muzdlu işçilərin sayı bir il öncəki göstəricini 45 209 nəfər və ya 2,7% üstələyərək 1 691 814 nəfər təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2020-ci ildə ölkə üzrə muzdlu işçilərin 50,8%-i və ya 859 357 nəfəri Bakıda fəaliyyət göstərib ki, bu da 2019-cu ilin göstəricisindən 43 796 nəfəri və ya 5,4% çoxdur.

2020-ci ildə muzdlu işçilərin 53,8%-i və ya 910 766 nəfəri dövlət sektorunda fəaliyyət göstərib. Bu da 2019-cu ilin göstəricisindən 5 678 nəfər və ya 0,6% azdır.

Ötən il ərzində qeyri-dövlət sektorunda muzdlu işçilərin sayında 50 887 nəfər və ya 7% artım qeydə alınıb.

2020-ci ildə ölkə üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 707,3 manat olub ki, bu da 2019-cu ilin göstəricisindən 11,4% çoxdur. Bu göstərici üzrə yüksək əməkhaqqı Bakıda (927,2 manat) qeydə alınıb ki, bu göstərici son bir ildə 6,7% artıb.

Ötən il ölkədə dövlət və qeyri-dövlət sektorları üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı müvafiq olaraq 631,1 manat və 801,8 manat təşkil edib. Bu göstəricilər 2019-cu ilə nisbətdə müvafiq olaraq 18,8% və 4,4% artıb. Bakı üzrə bu göstərici dövlət sektorunda 804,9 manat (14,8% artım), qeyri-dövlət sektorunda isə 1041,1 manat (artım 0,8%).təşkil edib.

2020-ci ildə iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin daha yüksən orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesində olub – 3 262,6 manat. Bu bir il öncəki göstəricidən 6,8% çoxdur. Mədənçıxarma sənayesində dövlət və qeyri-dövlət sektorları üzrə isə orta aylıq nominal əməkhaqqı 1 638,2 manat və 4 291,3 manat olub ki, bu da müvafiq olaraq 2019-cu ilin göstəricilərinə nisbətdə 10,7% və 6,7% çoxdur.