Azərbaycanın hərbi təlimlərində İsrail silahı xüsusi yer tutacaq Hadisə

Azərbaycanın hərbi təlimlərində İsrail silahı xüsusi yer tutacaq

Azərbaycan Ordusu silahlı qüvvələrin müxtəlif növlərinin iştirakı ilə iri hərbi təlimlərə başlayır. Bu təlimlərdə Bakının sərəncamında olan məşhur Türkiyə və İsrail silahlarından istifadə olunmasına xüsusi diqqət yetiriləcək. AZƏRTAC xəbər verir ki, israilli məşhur jurnalist Din Şmuel Elmasın adı çəkilməyən bir hərbi mənbəyə istinadla yazdığı və İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş məqaləsi bu mövzuya həsr edilib.
Məqalə müəllif vurğulayır ki, hərbi təlimlərdə İsrail istehsalı olan müxtəlif hərbi vasitələrdən istifadə ediləcək. Din Şmuel Elmasın fikrincə, Azərbaycan ordusu hərbi hava qüvvələri səviyyəsində “Aeronautics” şirkətinin istehsal etdiyi “Orbiter” silahlarının müxtəlif modellərindən istifadə edəcək.
Adının çəkilməsini istəməyən hərbi mənbə “Israel HaYom” nəşrinə müsahibədə deyib: “Kəşfiyyat məlumatlarının toplanması üçün uzun müddət havada qalması nəzərdə tutulan “Hermes-450” və “Hermes-900” pilotsuz uçuş aparatlarından, habelə ən uğurlu vasitələrindən biri – Vətən müharibəsində Azərbaycanın tətbiq etdiyi, IAI şirkətinin istehsalı olan “Harop” PUA-dan istifadə ediləcək. Bizim istifadə edəcəyimiz başqa silahlar da var. Onlar ölkələrimiz arasında həqiqi dostluğun rəmzinə çevrilib”.
Məqalə müəllifi vurğulayır ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi altında keçiriləcək təlimlərdə 10.000-dən çox əsgər, 100-ə yaxın tank və zirehli texnika, təqribən 200 raket və artilleriya qurğusu, müxtəlif raket kompleksləri, minaatanlar, qırıcı təyyarələr, habelə müxtəlif tipli pilotsuz uçuş aparatları iştirak edəcək.
Müəllif daha sonra yazır: “İrimiqyaslı hərbi təlimlər Vətən müharibəsi dövründə Azərbaycan əsgərləri və zabitləri üçün əla təcrübənin bir hissəsi olacaq. Məlum olduğu kimi, bu müharibə Azərbaycan üçün böyük uğurla başa çatdı, lakin Qələbədən arxayınlaşmayan Azərbaycan Ordusu öz silahlı qüvvələrini daha da təkmilləşdirməyə çalışır. Hərbi təlimlər çərçivəsində müxtəlif bölmələr – artilleriya, hərbi hava qüvvələri və xüsusi təyinatlı qoşunlar arasında koordinasiya və hərtərəfli döyüşün sürətli təşkili üsulları öyrəniləcək. təlimlərin cümə axşamı başa çatacağı gözlənilir.
İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut “Israel HaYom” qəzetinə müsahibəsində deyib: “Cənubi Qafqaz regionunda Azərbaycanın çoxvektorlu xarici siyasətində İsrail dövləti xüsusi yer tutur. Bir neçə il bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunın Azərbaycana tarixi rəsmi səfəri və Vətən müharibəsində İsrailin real texnoloji və hərbi-texniki dəstəyi bir daha təsdiq etdi ki, İsrail ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.
Ermənilər həsəd apara, təxribatlar və əsassız informasiya yayımı ilə məşğul ola bilərlər, lakin indi tarixi fakt belədir ki, İsrailin müdafiə şirkətləri Azərbaycanda hərbi sənaye yaradılmasında fəal iştirak ediblər və bu iştirak davam edir. İsrail ilə səmimi və uzunmüddətli münasibətlər Azərbaycan üçün çox vacibdir, İsrail dövləti də Azərbaycan ilə öz münasibətlərini qoruyub saxlayır və yüksək qiymətləndirir. Məhz bu səbəbdən həmin münasibətlər strateji xarakter daşıyır. İsrail Cənubi Qafqazda özünün mühüm geosiyasi və geostrateji tərəfdaşının qələbəsinə həmişə sevinib”.