“Büdcəyə may ayından tez baxmağa ehtiyac yoxdur” Hadisə

“Büdcəyə may ayından tez baxmağa ehtiyac yoxdur”

"Hazırda dövlət büdcəsinin neftdən asılılığı 14 faizdir. Bu, 2 milyard 200 milyon manata yaxın vəsait edir". Bu sözləri Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, neftin qiymətinin aşağı düşməsi büdcəyə ciddi təsir etmir və may ayından tez büdcəyə yenidən baxmağa ehtiyac yoxdur: "Biz büdcədə neftin qiymətini 90 dollar olaraq göstərmişik. Neftin qiymətinin hər 10 dollar düşməsində büdcəyə 240 -250 milyon manat ziyan dəyir. Əlbəttə bu rəqəm 20 milyard dolların yanında elə də böyük deyil. Mən hesab edirəm ki, əgər neftin qiyməti 40 dollar səviyyəsində davam etsə dövlət büdcəsinə may ayında baxıla bilər. May ayından öncə büdcəyə baxmağa ehtiyac yoxdur. Lakin neft ixrac edən ölkələrdən olan İranda dövlət büdcəsinə artıq yenidən baxdılar". Vahid Əhmədov prezident tərəfindən qənaət mexanizminin işə salındığını qeyd edərk bildirib ki, bütün maliyyə dairələri tərəfindən artıq bu proses davam etdirilir: "Strateji layihələr var. O layihələrə ola bilsin ki, müəyyən qədər düzəlişlər edilsin. Həm də dövlət başçısının göstəriş verdiyi qənaət mexanizmi işə salınsın. Lazım olan xərclərdən daha az istifadə olunsun. Yaxın günlərdə Maliyyə Nazirliyi kollegiya iclası keçirdi və bu iclasda bütün maliyyə dairələrinə tapşırıldı ki, büdcəyə qənaətlə yanaşılsın. Bütün bu proseslər artıq gedir".

Əli