Bakıda ata qızına heroin vuraraq öldürüb - Prokurorluq Hadisə

Bakıda ata qızına heroin vuraraq öldürüb - Prokurorluq

Martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.