İtaliyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb Hadisə

İtaliyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb

İtaliyanın paytaxtı Romada Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə İtaliyanın "La Repubblica" qəzeti xüsusi xidmət orqanlarına istinadən məlumat dərc edib.

Bildirilib ki, şübhəlilər İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı və Rusiya səfirliyi yanında çalışan Rusiya zabitidir.

Qəzet yazır ki, onlar pul mükafatı müqabilində məxfi sənədləri verərkən saxlanılıblar.

Nəşrin yazdığına görə, hər iki şəxs casusluq və dövlət təhlükəsizliyini təhdid etmə cinayətləri ilə əlaqədar istintaqa cəlb olunub və onları on ildən artıq həbs cəzası gözləyir.

Hələlik zabitlərin adı və vəzifələri açıqlanmır.

İtaliyalı zabit nəzarət altına alınıb, rusiyalı zabitin isə diplomatik statusu ilə bağlı araşdırma aparılır.