Vətənə bağlı qəhrəman ömrü Hadisə

Vətənə bağlı qəhrəman ömrü

Mehman Mirəziz oğlu Şirvanovun adı çəkiləndə bütün Lənkəran qürur hissi keçirir. Bu böyük sevgini ona qazandıran 44 gün davam edən, şanlı zəfərimizlə başa çatan Vətən müharibəsində yazdığı qəhrəmanlıq dastanıdır. Vətəninə sədaqətini, xalqına sonsuz məhəbbətini Mehman torpaq naminə haqq savaşımızda müqəddəs şəhidlik zirvəsinə ucalmaqla əbədi olaraq möhürlədi. Həyatda yaşadığı 40 illik mənalı ömür yolu saflıq dünyasına dönərək qərinələr boy gələn nəsillərə örnək olacaq.
Mehman Mirəziz oğlu 1980-ci ildə Lənkəran rayonunun Ürgə kəndində anadan olub.
1998-2002-ci illərdə Bakı Ali Birləşmiş Komandirlik Məktəbində oxuyur və bu sahədə mükəmməl bilik əldə edir. Zabit kimi xidmət etdiyi hərbi hissələrdə Vətən qarşısında borcunu şərəflə yerinə yetirməklə yalnız hörmət qazanır. Cəbhə xəttində çətin anlarda Vətəninə sipər olmağı bacarır. Əsgərləri tərəfindən isə bacarıqlı, qayğıkeş komandir, vətənpərvər bir insan kimi sevilir. Bunlarla bərabər, Mehman bir sıra xarici ölkələrdə, eləcə də Rumıniyada, Türkiyədə və NATO tərəfindən təşkil olunan ixtisasartırma kurslarına qatılır. Olduğu yerlərdə öz nümunəvi davranışı ilə Azərbaycanın qürurunu yüksək saxlayır.
Mehman Şirvanov heç cür təcavüzkar erməni dığaların hərəkətləri ilə barışa bilmir. Ürəyində həmişə bir istək tutur: nəyin bahasına olursa-olsun, Vətən torpaqları mənfur düşməm əsarətindən tezliklə azad edilməlidir. 2016-ci ilin Aprel döyüşləri istəyinin başlanğıcını qoyur. Lələtəpənin alınmasında dığalardan yaxşı qisas alır.
Vətən müharibəsi başlananda qəzəblə, intiqam hissilə döyüş meydanına atılır. İlk gündən düşmənin rüsvayçı məğlubiyyətini ona sarsıdıcı zərbələrlə göstərir. Murovdağ istiqamətində ağır müharibə meydanında çoxlu sayda erməni dığasını məhv etməklə özü də qəhrəmancasına şəhid olur. İkinci Qarabağ savaşın ilk şəhidi polkovnik- leytenant Mehman Şirinovun döyüş cəsurluğu Prezident İlham Əliyevin sərəncamına əsasən “Qarabağ” ordeninə layiq görülür.
Qəhrəmanın qardaşı deyir:
- İndi bütün Azərbaycanın fəxri olan Mehman uşaq vaxtlarında hərbiçi peşəsinə marağı göstərirdi. Onun qətiyyətinə, cəsarətinə qibtə edərdik. O, 22 il orduda nümunəvi xidməti ilə seçildi. Qarabağı işğaldan azad görmək istəyi ilə yaşayırdı. Onun arzusunu Azərbaycan Ordusu çox şərəflə yerinə yetirdi. Qarabağ azadır. Vətən səmasında əbədi parlaq Günəşə çevrilən qardaşımın ruhu şaddır. Mehmanın yadigarı 3 yaşlı qızı Nuray atasının adına layiq böyüyür.”

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü