“Azəralüminium”un əmək qabiliyyətini itirmiş işçilərinə yeni qaydada aylıq müavinət veriləcək Hadisə

“Azəralüminium”un əmək qabiliyyətini itirmiş işçilərinə yeni qaydada aylıq müavinət veriləcək

Nazirlər Kabineti 2 ay ərzində Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi isə Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışını təşkil etsin və əldə edilən vəsaitin Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər, işçilərin əməkhaqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yaranmış borcların, habelə Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin bu Sərəncam qüvvəyə mindiyi günədək olan digər borclarının (ödənişinə möhlət verilmiş borclar istisna olmaqla) ödənilməsinə yönəldilməsini təmin etməlidir.