Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı müəyyənləşib Hadisə

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı müəyyənləşib

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği 80,0 (səksən) milyon manatdır.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanı ilə təsdiq olunmuş Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsində əksini tapıb.

Qeyd olunub ki, Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Fond öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Fond sərbəst pul vəsaitindən yalnız aşağıdakı istiqamətlər üzrə istifadə edir:

- Fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi;

- təhsil tələbə kreditlərinin maliyyələşdirilməsi;

- dövlət qiymətli kağızlarının əldə olunması;

- beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklarda depozitlərin yerləşdirilməsi.

Fond ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı Fondun nizamnaməsində göstərilən məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.