14 nəfərlik erməni silahlı dəstənin üzvləri məhkəmədə ifadə verib - ƏLAVƏ OLUNUB Hadisə

14 nəfərlik erməni silahlı dəstənin üzvləri məhkəmədə ifadə verib - ƏLAVƏ OLUNUB

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstəsi üzvlərinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.

Məhkəmə prosesi təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam etdirilib.

Prosesdə ifadə verən dəstə üzvü Matesyan Edqar Vaçaqanoviç deyib ki, müharibə başlayanda onu hərbi komisarlıqdan çağırıblar: "Dedilər ki, getməsəm, 8 ildən 12 ilə qədər azadlıqdan məhrum ediləcəyəm".

Fasilədən sonra prosesdə ifadə verən Petrosyan Albert Kamoyeviç qeyd edib ki, Azərbaycan hərbiçələri tərəfindən saxlandıqdan sonra onlara heç bir təzyiq göstərilməyib: "Bizə insani münasibət göstərdilər. Su və siqaret verdilər".

Daha sonra prosesdə Qasparyan Qor Vaqramini ifadə verib. O da noyabr ayında Gümrüdə yerləşəb hərbi komissarlığına çağırılıb və Laçına, oradan da Hadrut istiqamətində dağda məskunlaşdırılıblar:
"Düşən vaxt Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq. Silahlarımızı verərək təslim olduq".

Qasparyan Qor Vaqrami istintaqda ifadəsində deyib ki, məqsədləri Hadruta gəlmələrinin səbəbi həmin əraziyə Azərbaycan hərbçilərinin daxil olmasının qarşısını almaq olub: "Tapşırıq ondan ibarət idi ki, Azərbaycan tərəfindən kimsə gələrdisə onlara silahla müqavimət göstərməliydik".

Prosesdə təqsirləndirilən şəxslər Minasyan Aram Qarnikoviç, Sefilyan Kamo Karenoviç, Baqasyan Armen Yegizari və Yenqoyan Sisak Qrişai digərlərinin ifadələri ibtidai istintaqdakı ifadələrinə zidd olub. Məhkəmə həmin şəxslərin istintaqa ifadələrini elan edib.

Həmin şəxslər istintaqda qeyd ediblər ki, Azərbaycan ordusunun hərbiçələri onların olduğu əraziyə yaxınlacaqları təqdirdə silahla müqavimət göstərmək əmri alıblar.

Təqsirləndirilən şəxslərin ifadəsi başa çatandan sonra növbəti məhkəmə prosesi iyulun 2-nə təyin olunub

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.