Kliniki Tibbi Mərkəzdə həyata keçirilən struktur dəyişiklikləri açıqlanıb Hadisə

Kliniki Tibbi Mərkəzdə həyata keçirilən struktur dəyişiklikləri açıqlanıb

“İcbari tibbi sığortanın Bakı şəhəri üzrə tətbiqi rayonlarda olduğu kimi struktur dəyişikliyi ilə həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib.

O deyib ki, qeyri-tibbi sektorda icbari tibbi sığortanın tətbiqi üçün lazım olan şöbələr yaradılıb: “Tibbi sektorda isə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin bazasında təcili tibbi yardım şöbəsi yaradılıb. Bu da xəstələrin daha operativ qəbul edilməsi, vaxtında keyfiyyətli xidmət alması üçündür. Xəstəxanada poliklinika şöbələri də yaradılıb. Əvvəl xəstəxanada poliklinikalar və stasionar xəstəxana var idi. Poliklinika stasionar xidmət göstərə bilmirdi, stasionarda da poliklinika xidməti həyata keçirilmirdi. Amma qeyri-rəsmi olaraq vətəndaşlar stasionarda olan həkimlərə müraciət edirdi, onları daha güvənli sayırdılar. Yəni stasionar şöbənin içərisində ambulator xidmət göstərilirdi ki, bu da sanitar-gigiyenik normalara zidd idi. Bunu nəzərə alaraq mövcud xəstəxanalarda, eləcə də Kliniki Tibbi Mərkəzdə 1-ci mərtəbədə poliklinika şöbəsi yaradılıb. Bu, cərrahiyyə, doğum, terapevtik və s. sahələri əhatə edir. Bununla da stasionar həkimlər həm ambulator xidmət göstərə bilirlər, həm də stasionarda xidmət aparırlar. Qeyri-tibbi sektorda da müəyyən dəyişikliklər həyata keçirilib. Yeni ümumi şöbə, satınalma şöbəsi yaradılıb. Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstə xidmətləri şöbəsinin yaradılması həyata keçirilib. Demək olar ki, artıq Bakı, Sumqayıt, Abşeronda struktur işləri başa çatmaq üzrədir”.