Qazın qiyməti 1200 m3-dək 10 qəpik olaraq qalacaq - Yeni qərarın TAM İZAHI Hadisə

Qazın qiyməti 1200 m3-dək 10 qəpik olaraq qalacaq - Yeni qərarın TAM İZAHI

30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Qərarda aşağıdakı məsələlər nəzərdə tutulub:

- Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb;

- Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib;

- “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;

- Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib;

- Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb;

- İllik istehlak həcminin 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib;

- Ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;

- Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

Qeyd edək ki, COVİD-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kub metrdən 1,6 min kub metrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb.

Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparıllıb və ötən müddət ərzində Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib. Son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35% artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub.