“Media islahatları uğurla həyata keçiriləcək” Hadisə

“Media islahatları uğurla həyata keçiriləcək”

Rafail Becanov: “Düşünürəm ki, proseslər bu istiqamətdə gedəcək”

“Ümidvarıq ki, media islahatları uğurla həyata keçiriləcək. Media islahatlarını nəzəri formada - sözdə, fikirdə həyata keçirmək mümkün deyil. İslahatlar praktik olmalıdır və azad söz, azad medianın dünyada qəbul olunan standartlarını əhatə etməlidir”. Bu fikirləri “Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redakltoru Rəfail Becanov deyib: “Düşünürəm ki, proseslər bu istiqamətdə gedəcək. İndi Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə müxtəlif seminarlar, konfranslar təşkil edir. Xarici mütəxəssilər dəvət olunur, nəzəri biliklərin artırılması, yeni media standartları və onun tətbiqi ilə bağlı əhəmiyyətli biliklər öyrədilir. Prosesə redaksiyalar, jurnalsitlər cəlb edilir. Bu, yaxşı haldır. Lakin əsas məsələ bu standartlara praktikada necə nail olunmasıdır. Medianın ritorikası, hadisələrə baxışı, informasiyalara əlçatanlığı kimi məsələlər də bu islahatların tərkib elemetlərindən olacaqsa, effektiv nəticələr görəcəyik.
Media islahatı deyiləndə ilk növbədə informasiya mühitinin dəyişməsindən başlasaq, daha uğurlu nəticələr əldə edə bilərik. Bununla biz cəmiyyətin və dövlətin inkişafına da töhvə vermiş olacağıq. Çünki media dövlətin və cəmiyyətin həyatında ən mühüm rol oynayan subyektlərdən biridir. Medianın inkişafı cəmiyyətin inkişafıdır, dəyişməsidir. Amma söhbət azad və müstəqil mediadan gedir. Ona görə ilk şərt medianın müstəqillik və peşəkarlıq səviyyəsinin artması üçün də gerçək, çevik, tərəfsizləşdirilmiş informasiya mühiti olmalıdır. Yeni qanunla bağlı da eyni düşüncədəyəm. Media subyektlərinin hüquqi statusu inkişafa təkan verəcəksə, informasiya mühitinin dəyişməsinə və yaxşılaşmasına, jurnalistin peşə fəaliyyətinə "yaşıl işıq" yandıracaqsa, islahatların daha uğurlu sonuca çatmasına təkan verəcək. İstənilən halda təşəbbüs varsa, bunu alqışlamaq lazımdır. Çünki təşəbbüs, müzakirə inkişaf üçün bir pillədir...”.