III ixtisas qrupu üzrə imtahan başladı Hadisə

III ixtisas qrupu üzrə imtahan başladı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başlayıb.

Bu barədə Trend-ə DİM-dən məlumat verilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 2873 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 473 imtahan rəhbəri, 3748 nəzarətçi–müəllim, 380 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb edilib.

Qeyd edək ki, iyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21 min 35, iyulun 15-i II ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 16 min 757 nəfər olmaqla, ümumilikdə 37 min 792 abituriyentin iştirakı nəzərdə tutulur. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2006-cı ildəndir.