Xətai rayonunda şəhid Vüsal Rzayevin xatirə lövhəsinin açılışı olub Hadisə

Xətai rayonunda şəhid Vüsal Rzayevin xatirə lövhəsinin açılışı olub

Bu gün Xətai rayonunda şəhid Vüsal Tofiq oğlu Rzayevin xatirəsinə həsr olunmuş lövhənin və bulağın açılış mərasimi keçirilib.

Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra şəhidin oxuduğu Humanitar təmayüllü liseyin aşağı sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub

Xətai Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Pənah İmanov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Vüsal Rzayevin döyüş yoldaşları, ibtidai sinif müəllimi və başqaları çıxış edərək 44 günlük müharibə zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarından, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına əldə etdiyimiz zəfərdən danışıblar, şəhidlərimiz haqqında xatirələrini bölüşüblər.
Tədbirdən sonra Dədə Qorqud şəhidliyində Vüsal Rzayevin məzarı ziyarət olunub. Şəhidin atası Tifiq Rzayev şəhid ailələrinə, qazilərə dövlət qayğısına görə dövlət başçısına, birinci vitse-prezidentə, xalqımıza ailəsi adından minnətdarlığını bildirib.

Xatırladaq ki, şəhid Vüsal Rzayev Aprel döyüşlərinin də iştirakçısı olub.