1918-ci il Bakı qırğını Hadisə

1918-ci il Bakı qırğını

Qafqaz və İran cəbhəsindəki türk qoşunları tərəfindən sıxışdırılan və Brest sülhünün şərtlərinə (1918-ci ilin martında bağlanmış Brest sülhünün şərtlərinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilmişdi) əməl etməyə məcbur olan rus-erməni qoşun birləşmələrinin bir hissəsi Azərbaycan torpaqlarına - İrəvan, Şərur-Dərələyəz, Qarabağ, Bakı və başqa ərazilərə gəlirdilər. Bakıda isə bolşeviklər özlərini vətəndaş müharibəsinə hazırlayırdılar, həmin müharibənin nəticələri onları Bakının və uzun müddət bütün Zaqafqaziyanın əsl sahiblərinə çevirə bilərdi.
Əslində, Cənubi Qafqaza sahib çıxmaq və keçmiş rus imperiyasının ərazisini yenidən bir dövlət tərkibində birləşdirmək V.İ.Leninin arzusu idi. Çünki Bakı nefti Rusiyada öz hakimiyyətlərini qoruyub saxlamaq istəyən və buna görə də vətəndaş müharibəsi aparan bolşeviklərə çox lazım idi. Ona görə də RSFSR hökuməti S.Şaumyana hər cür yardım etməyə çalışırdı. Bu yardımların içərisində hərbi və maddi yardım xüsusilə üstünlük təşkil edirdi.
1917-ci ildə Bakı sovetinə keçirilən seçkilərdə üstünlük qazana bilməyən bolşeviklər silah gücünə hakimiyyətin ələ keçirilməsinə üstünlük verirdilər. Bu dövrdə Bakıda Daşnaksütyun partiyası və erməni milli şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Daşnakların hərbi hissələri yaxşı təlim görmüş və türklərə qarşı dərin nifrət ruhunda tərbiyələnmişdilər. Erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələrlə birləşdi. Bakıda mart qırğını ərəfəsində Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun keçmiş polkovniki, "Daşnaksütyun" partiyasının üzvü Z.Avetisov idi. Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan rus alaylarının əsgər və zabitləri də silah və sursatları dəyər-dəyməzinə ruslara (molokanlara) və daha çox ermənilərə satırdılar.
Bakı bolşeviki Avakyan vəziyyətindən və vəzifəsindən asılı olmayaraq komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə, ermənikəndə və onların yaşadığı Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı. Bütün bunlar S.Şaumyanın rəhbərlik etdiyi Bakı sovetinin gözü qarşısında baş verirdi.
1828-ci ildən 1918-ci ilədək, yəni çar Rusiyasının əsarəti altında olduğu 90 il ərzində azərbaycanlılar heç vaxt orduya çağırılmamışdı. Ona görə də azərbaycanlıların hərbi təcrübəsi, demək olar ki, yox idi. Belə bir vəziyyətdə təpədən dırnağa qədər silahlanmış və uzun müddət hərbi təcrübəyə malik olan ermənilərin qarşısına çıxmaq olduqca çətin idi.
1918-ci ildə Bakıda hakimiyyət uğrunda üç siyasi qüvvə arasında ciddi mübarizə gedirdi: birinci qüvvəyə daşnaklar, sağ eserlər və menşeviklər, ikinci qüvvəyə bolşeviklər və sol eserlər, üçüncü qüvvəyə isə müsəlman təşkilatları ilə ittifaqa girən "Müsavat" partiyası daxil idi. Lakin mübarizənin şiddətli bir vaxtında birinci iki qüvvə erməni-rus bolşeviklərin rəhbərliyi altında müsəlmanlara qarşı birləşdi.
S.Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən "Bakı soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir" demişdir. O yazırdı: "Bizim siyasətimiz - vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir".
Birinci Dünya müharibəsi başlayanda Türkiyə ərazisinə daxil olan rus ordusunun tərkibində 8 erməni alayı da var idi. Onlara türklərin qatı düşməni Andronik, Dro, Hamazasp, Kerri, Canpoladyan, Banduxt, knyaz Arqutinski, Xeço rəhbərlik etmişdilər. Bu erməni alayları Türkiyə torpaqlarında ağır məğlubiyyətdən sonra Azərbaycan ərazisinə soxularaq burada azərbaycanlılara qarşı kütləvi qətliamlar törətməyə başlamışdı. Həmin erməni silahlı dəstələrinin bir hissəsi sonradan Bakıda real hakimiyyətə malik olan və S.Şaumyanın rəhbərlik etdiyi Bakı sovetinin əsas hərbi qüvvəsinə çevrilmişdi.
Ümumiyyətlə, Bakı sovetinin silahlı qüvvəsi 6 min nəfərdən ibarət idi. 3-4 minlik daşnak qoşun hissələri də Bakı sovetinin ixtiyarına verilmişdi.
N.Nərimanov daşnakların məkrli siyasətini özünün "Qafqaz işğalına baxış" adlı məqaləsində açıb göstərmişdi. O yazırdı ki, daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində göstərdilər ki, onlar "Böyük Ermənistan" arzularını həyata keçirmək üçün istənilən halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi partiya hesab olunurdular, Vorontsov-Daşkovun dövründə onun ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı idilər. Bunun səbəbi onda ki, Vorontsov müharibədən sonra "Böyük Ermənistan" yaratmağa söz vermişdi...
1918-ci il mayın 16-da fəhlələr qarşısında çıxış edən S.Şaumyan bildirmişdi ki, müsavatçıların Bakını Muxtar Azərbaycanın paytaxtı elan etmək planı vardı. Onu qorxudan Azərbaycanın muxtariyyəti, Azərbaycan türklərinin müstəqil dövlət olmaq şansı idi. Heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun.
S.Şaumyan yaxşı başa düşürdü, nə qədər ki, Müsavat partiyası və Müsəlman Milli Şurası mövcuddur, onların təkhakimiyyətliliyi mümkün olmayacaqdır. Çünki Bakının müsəlman (azərbaycanlı) əhalisinin hamısı Müsavatı və Müsəlman Milli Şurasını müdafiə edirdi. Həmin təşkilatların əhali arasında nüfuzu günü-gündən artırdı.
Əyalətlərdə də tam üstünlük Müsavat partiyasının və Müsəlman Milli Şurasının tərəfində idi.
Sovet tarixçisi S.E.Sef qeyd edirdi ki, bolşeviklərə silahlı mübarizə aparmaq üçün yalnız bəhanə lazım idi. Həqiqətən də hadisələrin sonrakı gedişi S.Şaumyan və onun ermənilərdən ibarət ətrafının şəhərin müsəlmanlar yaşayan hissəsinə hücum etmək üçün yalnız bəhanə lazım olduğunu sübut etmiş oldu. Belə bir bəhanə "Evelina" gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi hadisəsi oldu. Martın 29-da Ş.Əsədullayevin oğlu, zabit Əli Əsədullayevin komandanlığı altında "Dikaya diviziya" hissələri Lənkərandakı öz hərbi hissələrinə getmək üçün Bakı limanında "Evelina" gəmisinə minmişdilər.
Şəhərdə çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman Bakı soveti martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini S.Şaumyanın tapşırığı ilə tərksilah etdi. Bu təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətlərinə sövq etsin və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar.
S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və bu, vətəndaş müharibəsinin başlanması üçün siqnal oldu. Kimin birinci atəş açması əhəmiyyət kəsb etmir. Əsas odur ki, 1918-ci il martın 30-da axşam saat 6-da Bakı əsas döyüş meydanına çevrilmişdi.
Təxribatın əvvəlində özlərinin bitərəfliyini bildirən erməni milli şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri, sonradan S.Şaumyanın rəhbərlik etdiyi Bakı sovetinin tərəfinə keçdi. Erməni-rus qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlaması ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, S.Şaumyanın başçılıq etdiyi Bakı sovetini müdafiə etdilər.
Bakı sovetinin rəhbərləri şəhərin bütün əhalisinə ünvanladığı müraciətində özlərinin bəd niyyətlərini gizlətmək üçün yalandan beynəlmiləlçilikdən dəm vuraraq yüzlərlə fəhlə müsəlmanı silahlandırdıqlarını bildirirdilər. Halbuki Bakı sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən Korqanovun yaratdığı "inqilabi" orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni müəlliflərinin özləri də etiraf etmişdilər. Suren Şaumyan yazırdı: "Bakı soveti ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu erməni milli şurasına tabe idi".
Bolşeviklər martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə komitəsi yaratmışdılır. Bu komitənin tərkibinə P.Caparidze, Q.Korqanov, İ.Suxartsev (sol eser), S.Şaumyan və başqaları daxil idilər. Eyni zamanda, mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komissarı isə S.Martikyan idi.
Yeni yaradılan erməni-bolşevik komitəsi aprelin 1-də səhər tezdən bütün qüvvələri ilə hücuma keçmişdi.
Bakıda azərbaycanlılar erməni silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməli və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta demək olar ki, yox dərəcəsində idi. Belə olan halda təbii ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi.
Arxiv sənədlərində qeyd olunur ki, erməni milli komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başlamışdı. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaxtda erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin "Kərpiçxana", "Məmmədli" adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin demək olar ki, hamısı müsəlman idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi gəmilərinin toplarından atəşə tutulurdu, ermənikənd tərəfdən isə toplardan atəş açırdılar. Erməni hərbi hissələri bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular.
Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq müsəlmanların sıx yaşadığı məhəllələri top atəşinə tutdu. Bu atəş nəticəsində "Təzə pir" məscidinin minarələri ağır zədə aldı. Mənbənin verdiyi məlumata görə, rus matrosları müsəlmanlara qarşı çıxmaq istəmirdilər. Ermənilər onları da aldadaraq inandırmışdılar ki, müsəlmanlar rusları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıblar, əksinə, onları müdafiə edib və yedizdiriblər, yalnız bundan sonra top atəşi dayandırdı. Bütün bunlara baxmayaraq, top atəşi nəticəsində şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdi.
Seyid Cəfər Pişəvəri "Bakıdakı ilk sovet hökumətinin müqəddəratı" adlı məqaləsində yazırdı: "Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdur. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi".
Bolşevik N.N.Kolesnikova öz xatirələrində həmin dövrdə Bakıda baş verənləri şərh edərək yazırdı ki, müsavatçılar sıxışdırılıb şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar törətməyə, günahsız dinc vətəndaşları, başlıca olaraq azərbaycanlıları qətlə yetirməyə başladılar.
Tatevos Əmirov Bakıda, eləcə də Azərbaycanın başqa bölgələrində azərbaycanlıların amansızcasına qətlə yetirilməsinə, onların evlərinin qarət edilməsinə bilavasitə rəhbərlik edənlərdən biri olmuşdur. Onun qardaşı Arsen Əmiryan isə Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil idi.
Bolşeviklər mart hadisələrində "qələbə" əldə etdikdən sonra imkanlı azərbaycanlıların evlərini əllərindən almış, onların var-dövlətlərini qarət etmişdilər. Sonradan onlar Bakıdan Həştərxana qaçmaq istəyərkən həmin qarət olunmuş qiymətli əşyaları da özlərilə aparmağa cəhd etmişdilər.
1918-ci il iyulun 15-də müsəlmanlar üzərində zorakılığı tədqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyanın təşkilinin vacibliyi haqqında xarici işlər naziri M.H.Hacınskinin Nazirlər Şurasının sədri F.X.Xoyskiyə hesabat yazısında deyilirdi: "Artıq 4 aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələrində bolşevik bayrağı altında məsuliyyətsiz erməni hərbi hissələri və başqaları dinc müsəlman əhalisinin əmlakına və həyatına qarşı görünməmiş vəhşiliklər törədirlər. Eyni zamanda, həmin quldur dəstələrin təşkilatçıları tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində bütün ictimai fikri tamamilə əks istiqamətə yönəldə bilmişdir.
Ümumdövlət mənafeyi və əhalinin zərərçəkən qruplarının mənafeyi elə bir təşkilatın yaradılmasını tələb edir ki, o: 1) bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatını aparsın; 2) bu zorakılıqların həyata keçirildiyi şəraiti müəyyənləşdirsin; 3) Cinayətkarları aşkar etsin və onların vurduqları zərərin ümumi həcmini müəyyənləşdirsin.
Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalıdır, bununla belə, bu komissiyanın işinin əsas Avropa dillərində (rus, fransız və alman dillərində, əlbəttə, türk dilində) elan edilməsi və geniş yayılması vacibdir".
Həmin ilin avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri F.X.Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradır. Komissiyanın sədri andlı iclasçı Ələkbər bəy Xasməmmədov, üzvləri isə Gəncə dairə məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadə təyin olunurlar.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında yalnız Bakıda daşnaklar tərəfindən bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 12 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.
Hümmətçilər də uzun müddət öz məqalə və çıxışlarında, müraciətlərində mart hadisələrini milli qırğın kimi səciyyələndirmişdilər. Hətta bolşevik mövqeyindən çıxış edən Hümmət Partiyası mart qırğınlarına laqeyd qala bilməmişdi. Partiyanın mətbuat orqanı olan "Hümmət" qəzeti mart hadisələri ilə bağlı öz səhifəsində məktub dərc etdirmişdi. Məktubda deyilirdi ki, əvvəl siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter aldı. Biz bolşevik kimi qalaraq eyni zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları nəticəsiz qalsın. Biz var qüvvəmizlə çalışacağıq ki, müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar edək.
Əslində, hümmətçilərin həmin dövrdə elə bir imkanı və gücü yox idi ki, bolşeviklərə qarşı çıxa bilsinlər. Bu dövrdə Hümmət Partiyası bolşeviklərin təsiri altında idi. Lakin buna baxmayaraq, hümmətçilər dinc müsəlmanlara qarşı ermənilərin zorakılıqlarına dözməyərək güclü təsirə malik olmasalar da, hər halda öz etiraz səslərini qaldırmışdılar.
N.Nərimanov yeni yaranmaqda olan sovet hakimiyyətinin ilk acı zərbəsini məhz Bakıda, 1918-ci il mart qırğını zamanı almışdı. Belə ki, mart hadisələri zamanı Şaumyanın rəhbərlik etdiyi sovet hakimiyyətinin "müdafiəçiləri" olan erməni silahlı dəstələri az qala N.Nərimanovu və onun ailə üzvlərini qətlə yetirmişdilər. N.Nərimanov nəinki silahlı toqquşmanın qarşısını almaq imkanına malik idi, əksinə, onun özü ölümlə üz-üzə qalmışdı.
Daşnak silahlı dəstələri N.Nərimanovun evinə basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı.
N.Nərimanov "Ucqarlarda inqilabımızın tarixinə dair" adlı əsərində yazırdı: "Mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o, milli qırğına çevrilə bilər. Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoxsaylı erməni milli hərbi hissəsi yerləşirdi. Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş vermişdi. Nəticədə daşnaklar, yəni sovet hakimiyyətinin müdafiəçiləri əliuşaqlı müsəlman qadınlarını əsir edirlər. Burada bizim müdafiəçilərimiz daşnaklar tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir".
Şəhərdə Bakı sovetinin erməni-daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qırğınlar zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdi. Belə ki, "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansamblına daxil olan XIV əsrdə tikilmiş Keyqubad məscidi yandırıb külə döndərilmişdi.
1918-1920-ci illərdə erməni baş naziri olmuş Kaçaznuni yazırdı ki, "bizim köməyimizlə Bakıda bolşeviklər "Müsavat"ı darmadağın etdilər (1918-ci ilin martında), biz isə bolşeviklərin və rus elementlərinin köməyi ilə Bakını türk-tatar hücumundan qoruya bildik".
Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türkistan alayının tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənilərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. "Ərdəhan" və "Krasnavodsk" hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limana yaxınlaşdı. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayandırdılar.
S.Şaumyanın rəhbərlik etdiyi Bakı soveti isə qırğını dayandırmaq üçün elə bir cidd-cəhd göstərməmişdi. Svyataxrovski yazır ki, əksinə, bu qırğınlardan razı qalan və "döyüşün nəticələri bizim üçün əladır" deyən S.Şaumyan aprelin 13-də "qələbəni" xalq komissarları sovetinə sevinclə məlumat vermişdi.
S.Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini etiraf etsə də, yenə də qırğına sinfi don geydirməyə çalışaraq öz qanlı əməllərinə haqq qazandırmışdı. Stepan Şaumyanın oğlu Suren Şaumyan dolayısı ilə etiraf edərək yazırdı: "Hamı bir səslə deyir ki, Bakıda erməni-tatar qırğını gedir və bu qırğını ermənilər törətmişdir". 1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanı Həştərxandan Şaumyana yazdığı məktubda qeyd edirdi ki, hazırda Bakıdan kütləvi surətdə gələn rusların sosial vəziyyətindən asılı olmayaraq, hər hansı birindən Bakıda sovet mübarizəsi haqqında soruşduqda hamısı bir səslə deyir ki, Bakıda erməni-tatar qırğını gedir və qırğın ermənilər tərəfindən törədilib.
Beləliklə, 1918-ci ilin müxtəlif aylarında baş verən siyasi hadisələri araşdırarkən əldə olunan faktiki materiallar sübut etmişdir ki, ermənilərin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımı siyasəti planlı şəkildə olmuşdur.
Ermənilər öz cinayətlərini ört-basdır etmək üçün həmin dövrdə Bakıda nəşr olunan və özlərinin rəhbərlik etdikləri müxtəlif adda qəzet səhifələrində ("İzvestiya", "Naşa vremya" və s.) əməllərinə haqq qazandırmağa çalışmışdılar. Lakin həmin dövrdə nəşr olunan başqa qəzetlərdə ("Açıq söz", "Hümmət" Azərbaycan dilində, "Azərbaycan" həm Azərbaycan, həm də rus dillərində çap olunurdu, "Kaspi" rus dilində nəşr olunurdu - müəl.), eləcə də həmin hadisələri öz gözləri ilə görən şahidlərin ifadələrində və Cənubi Qafqaz Seyminin yığıncaqlarının Protokollarında ermənilərin dinc müsəlmanlara qarşı törətmiş olduqları cinayətləri təsdiqlənmişdir. Bu baxımdan, o dövrün tarixi sənədləri soyqırımı faktlarının aşkarlanmasında mühüm əhəmiyyət kəsb etmişdi. Xüsusən, bu sahədə 1918-ci ilin avqustunda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratmış olduğu FTK-nın fəaliyyətini qeyd etmək lazımdır. Komissiyanın topladığı sənədlər təsdiq etmişdi ki, ermənilər Azərbaycan xalqına qarşı qabaqcadan hazırlanmış soyqırımı həyata keçirmişlər. Bu soyqırımı həyata keçirməkdə əsas məqsəd gələcəkdə erməni dövləti yaratmaq üçün geniş torpaqlar ələ keçirmək və həmin torpaqlarda yaşayan Azərbaycan türklərini qırmaq, qıra bilmədiklərini isə doğma torpaqlarından qovmaq olmuşdur.
Bakıda mart qırğınından sonra siyasi və hərbi üstünlüyü ələ alan ermənilər azərbaycanlıları siyasi, xüsusən hərbi cəhətdən təşkilatlanmasının qarşısını almağa səy göstərmişdilər. Bakı sovetinin, fəhlə və əsgər deputatları sovetinin tərkibində, ən əsası isə rəhbərliyində, demək olar ki, Azərbaycanın ziyalı təbəqsindən (bir-iki nəfəri çıxmaq şərti ilə, onlar da bolşeviklərin mövqeyini müdafiə edirdilər) nümayəndə yox idi. Digər tərəfdən, Korqanovun başçılıq etdiyi qırmızı ordunun tərkibində də demək olar ki, türk-müsəlman yox idi.
Hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətdə yaşamaları və bütün bu hadisələrə ABŞ və Qərb dövlətlərinin göz yummaları, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884) ermənilər tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir ki, dünyada xristian həmrəyliyi hələ də qalmaqdadır və erməni dövləti haqsız olaraq müdafiə olunmaqdadır. Azərbaycan xalqı bu tarixi dərslərdən nəticə çıxarmalı, dostunu-düşmənini tanımalı və parçalanmış torpağının müdafiəsini gücləndirməli, işğal olunmuş ərazilərini azad etməlidir.

Vaqif ABIŞOV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru