Birinci Avropa Oyunlarına hazırlıq Hadisə

Birinci Avropa Oyunlarına hazırlıq

FHN-in Bakı Regional Mərkəzi müşavirə keçirib

Tərlan

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Nərimanov Rayon İcra Hakimiyyəti və Birinci Avropa Oyunlar Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə "Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr" mövzusunda rayon müşavirəsi keçirmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin səlahiyyətli nümayəndələri, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak edib.
Nərimnov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Nərimanov rayonunda oyunlarla bağlı aparılan hazırlıq işləri, onların keçirilməsi dövründə yarana biləcək problemlər, bu sahədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər aidiyyəti təşkilatların birgə fəaliyyət istiqamətləri barədə danışmışdır. Tədbirdə Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev "Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr" mövzusunda təqdimatla çıxış edərək bildirmişdir ki, Mərkəz tərəfindən aparılmış təhlillər, irimiqyaslı idman tədbirləri keçirmiş digər ölkələrin təcrübəsinin öyrənilməsi fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin 14 istiqaməti müəyyən edilib.
BAOƏK-nin Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin təqdimatla çıxış edərək Təhlükəsizlik Departamentinin məqsədi, idman mühitində mövcud ola biləcək təhlükəsizlik problemləri barədə məlumat vermiş və həmin problemlərin aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulamışdır. Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.