Məktəb yaxınlığında siqaret satan köşklərlə bağlı monitorinq keçiriləcək Hadisə

Məktəb yaxınlığında siqaret satan köşklərlə bağlı monitorinq keçiriləcək

Orta məktəblərə yaxın yerlərdə qəzet köşklərində siqaret satılması ilə bağlı monitorinq keçiriləcək.

Bu barədə Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ümumilikdə parlamentin payız sessiyası ərzində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı monitorinq keçiriləcək və monitorinqin nəticələri geniş müzakirəyə çıxarılacaq.

Komitə sədri vurğulayıb ki, qanuna əsasən, bütün qapalı məkanlarda siqaret çəkməyə görə cərimələr nəzərdə tutulub:

“Qanun məktəblərin yaxınlığında siqaret satışını qadağan edir. Ancaq təəssüflər olsun ki, qanunun tələbləri pozulur, məktəbə yaxın yerlərdə, əsasən qəzet köşklərində siqaret satışı, o cümlədən siqaretin ədədlə satılması müşahidə edilir. Bizə bu barədə müraciətlər daxil olur. Ona görə biz istəyirik ki, bu məsələ ilə bağlı monitorinq keçirək və payız sessiyasının sonunda geniş müzakirəyə çıxaraq”.