Bu ilin 9 ayında 3 tondan artıq narkotik aşkarlanıb Hadisə

Bu ilin 9 ayında 3 tondan artıq narkotik aşkarlanıb

Bu ilin 9 ayı ərazində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində 6420 fakt aşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, aşkar olunan faktlardan 2206 satış, 3763 saxlama, 393 kultivasiya-əkin və 58 digər hallar olub. Ümumillikdə 2 ton 773 kiloqram narkotik, 230 kiloqram psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd edək ki, 2020-ci ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 4195 fakt aşkar olunub. Onlardan 1507-si narkotik vasitələrin qanunsuz satışı, 2309-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 62-si isə digər cinayətlərlə bağlı olub.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kq 356,5 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 297 kq (293,6 qr-nı heroin, 848 kq 997,8 q-nı marixuana, 267 kq 258,7 qr-nı tiryək, 90 kq 377,2 qr-nı həşiş, 394 qr-nı kokain) narkotik vasitələr, 302 kq 035,2 qr-nı psixotrop maddələr və digərləri təşkil edib.