Aeroport yolundakı qəzada xəsarət alan metro işçilərindən biri evə buraxılıb Hadisə

Aeroport yolundakı qəzada xəsarət alan metro işçilərindən biri evə buraxılıb

Bakıda baş verən ağır qəzada yaralananlardan ikisi “Bakı Metropoliteni” QSC-nin əməkdaşıdır.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə nəticəsində xəsarət alan Cavid Qəribov və Sərdar Rzayev metroda gecə növbəsindən çıxıb evlərinə gedirlərmiş: "Yaralılar Sabunçu Xəstəxanasına çatdırılıblar. C.Qəribova ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, S.Rzayevin isə hazırda xəstəxananın travmotologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti normaldır".

Qeyd edək ki, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisə zamanı hazırki məlumata görə, 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.